Milli teatr sənətinin inkişafında xidmətləri olan ziyalılarımızdan biri də Səkinə Axundzadədir. O, ötən əsrin birinci yarısında azərbaycanlı qadınların maariflənməsi və estetik dünyagörüşünün formalaşması yolunda səylər göstərib. Mədəniyyət tariximizdə pyes, nəsr əsəri yazan ilk qadın olub.
Səkinə Mirzə Heybət qızı Axundzadə 1865-ci ildə Quba şəhərində ziyalı ailədə dünyaya göz açıb. Atası poeziyaya, sənətə maraq göstərib, “Fəda” təxəllüsü ilə şeirlər yazıb. Abbasqulu ağa Bakıxanovun “Gülüstan” ədəbi məclisinin fəal üzvlərindən olub.
Belə bir mühitdə böyüyən Səkinə erkən çağlardan ərəb və fars dillərini mükəmməl öyrənir. Qubada rus dili müəllimi işləyən Məhəmməd Ağabəyovla ailə həyatı qurur. Məhəmməd bəy qızların savad alması, müxtəlif peşələrə yiyələnməsi və cəmiyyətdə yüksək mövqe tutması arzusunda idi. Buna görə də Səkinə xanım öz vəsaitləri hesabına Qubada məktəb açır, qız uşaqlarına pulsuz təhsil verir. Milli mesenat Hacı Zeynalabdin Tağıyev onun maarifçilik fəaliyyəti haqqında xəbər tutur. S.Axundzadəni Bakıda açdığı Qızlar məktəbinə ana dili və ədəbiyyat müəllimi işləməyə dəvət edir. O, Bakıda pedaqoji fəaliyyətlə yanaşı, teatr və dramaturgiya ilə də yaxından maraqlanır.
Görkəmli salnaməçi, fədakar tədqiqatçı Qulam Məmmədli S.Axundzadəni “səhnəmizin ilk qönçəsi, iftixarı” adlandırıb. O, araşdırmasında yazır: “Səkinə xanım müəllimliyə başladığı zaman Bakı səhnəsində Cahangir Zeynalov, Əbülfət Vəli, Mirzağa Əliyev, Hüseyn Ərəblinski kimi teatr xadimlərinin iştirakı ilə tamaşalar göstərilirdi. Qadın rollarını kişilər oynayır, səhnə qadın arzusu ilə, qadınlar isə səhnə həsrəti ilə yaşayırdılar. Kim bilir, çadra altında teatra gəlib, örtülü lojalardan səhnəyə baxan Səkinə xanımın ürəyindən nələr keçmirdi...”
S.Axundzadə XX əsrdə ilk azərbaycanlı qadın dramaturq və dərslik müəllifi kimi tanınır. Qadınların cəmiyyətdəki fəallığının geniş yayılmadığı, qaragüruhçuların bunu qəbul edə bilmədikləri dönəmlərdə təzyiqlərə tab gətirmək, ruhdan düşməmək çətin idi. Səkinə xanım bütün bu məhrumiyyətləri dəf etmək üçün həyatını təhlükə qarşısında qoyurdu. Hətta bəzən valideynlər onun üstünə hücum çəkərək deyirdilər: “Siz dərsdə qızlara şəriətdən danışırsınız. Sonra isə onları oyunbaz kimi səhnəyə çıxarırsınız...” Maarifçi-yazarın “Elmin mənfəəti” və “Haqq söz acı olar” adlı pyeslərində qadın obrazlarına geniş yer verilib. Müəllif hər iki əsərin rejissorluğunu öz üzərinə götürür. Rolları müəllim yoldaşlarına və qız şagirdlərinə paylayır. Tamaşaçılar da qadınlardan ibarət olur. Q.Məmmədli yazır ki, “Azəri qadınları səhnə mədəniyyətinin nübarını belə daddılar...”
S.Axundzadə əməyinin bəhrəsini gördükcə teatr aləmində fəaliyyətini davam etdirir, Türkiyə ədəbiyyatından maraqlı tərcümələr edir. Həmin əsərlərin tamaşaya qoyulması üçün böyük zəhmətlərə qatlaşır. Görkəmli türk ədibi Namiq Kamalın “Zavallı çocuq” əsərindən təbdil etdiyi “Bəxtsiz bala”, fransız bəstəkarı Leo Delibin “Lakme” operettasının təsiri ilə yazdığı “Zülmün səmərəsi” dramları ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyulur. Bu əsərlər sonralar da dəfələrlə Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulur. Hər iki əsərin süjeti Azərbaycan məişətinə uyğunlaşdırılır. Azərbaycan qadınlarını azad və firavan görmək arzusu ilə çalışan Səkinə xanım əsərlərində zəriflərin düçar olduğu ağır həyatı daha çox önə çəkir. Qızların təhsil problemini diqqətdə saxlayır.
Onu da qeyd edək ki, S.Axundzadə həm də ədəbiyyatımızda ilk romançı qadın hesab olunur. Müəllifin “Şahzadə Əbülfəz və Rəna xanım” romanında qadınların qəlbində kök salmış köhnə düşüncənin aradan qaldırılmasından söz açılır. Uğurlu bədii detallarla azadlığın şirinliyini, dəyərini təsvir edir. Ümumiyyətlə, o, cəhalətin, zülm və istibdadın hökm sürdüyü bir dövrdə beş dram, bir roman qələmə alıb. 1922-1923-cü illərdə nəşr olunan “Yeni türk əlifbası”nın müəlliflərindən biri də Səkinə xanım olub.
Yaradıcı əməyini xalqının maariflənməsinə sərf edən Səkinə xanım uzun illər astma xəstəliyindən əziyyət çəkib. Bu səbəbdən də həkimlərin məsləhəti ilə Qubaya dönmək məcburiyyətində qalıb. Dövrün məşhur aktyorları tez-tez Qubaya gedərək ona baş çəkiblər. Araşdırmalarda göstərilir ki, A.M.Şərifzadə Qubada Səkinə xanımı ziyarət edərkən o, görkəmli aktyorun şərəfinə ziyafət verdirir. Sonra ondan Hüseyn Cavidin “İblis” əsərindəki İblisin monoloqundan bir parça söyləməyi xahiş edir. Şərifzadə Səkinə xanımın arzusunu yerinə yetirir və monoloqu bütünlükdə söyləyir...
Ömrünü maarifçilik yolunda şam kimi əridən Səkinə Axundzadə 1927-ci ildə vəfat edib.
Savalan Fərəcov