Sentyabrın 13-də AMEA-nın Tarix İnstitutunda “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” kitabçalarının təqdimat mərasimi keçirilib.
Azərbaycan və rus dillərində kitabçalar Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi tərəfindən nəşr etdirilib. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları” adlı kitabçaların müəllifi tarixçi Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi İradə Məmmədovadır.
Tədbirdə çıxış edən akademik Yaqub Mahmudov bildirib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində İrəvan xanlığının torpaqları olub. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlanıb. 1918-ci il mayın 29-da Şimali Azərbaycanda - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb. Y.Mahmudov deyib: “Ermənilər nəinki Cənubi Qafqazın yerli əhalisi deyillər. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər. İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb”.