“Məqsədimiz gənclərimizə türk dünyasının tarixini, coğrafiyasını doğru-düzgün öyrətməkdir”
Türkçülük ideologiyasına xidmət edən insanları öz ətrafında birləşdirən Türk Ocaqları Dərnəyi bu məfkurəni daha geniş yaymaq məqsədilə dərnəyin tərkibində Türk Fondu da qurub. Türk dünyasında tanınmış şəxsiyyətlərin rəhbərlik etdiyi fondun hazırkı sədri, professor Orxan Kavuncu ilə söhbətimiz də elə bu qurumun fəaliyyəti barədədir.
- Orxan bəy, Türk Ocaqları Dərnəyinin nəzdində belə bir fondun qurulması hansı zərurətdən irəli gəldi və qurum əsasən hansı məsələləri özü üçün prioritet seçib?
- Türk Fondu 1989-cu ildə qurulub. Məqsəd dərnəyimizin maliyyə qaynaqlarının yaradılması idi. Fonda bir müddət o zaman dərnəyin sədri olan professor Orxan Düzgün rəhbərlik edirdi. Sonra Növzət Kosoğlu sədr oldu. O, 2013-cü ildə vəfat etdi. O zamandan bu fondun mütəvəlli heyətinin (himayədarlar şurası - red.) sədri mən oldum. Bu illərdə türkçülüyün tarixinin öyrədilməsi, türk dünyasının doğru-düzgün təbliği üçün müxtəlif tədbirlər, layihələr həyata keçirilib. Məsələn, artıq 20 ildir ki, dərnəyin “Türk yurdu” adlı təhsil kompleksi fəaliyyət göstərir. Kompleksin tərkibində ibtidai siniflər, lisey qurulub və dərslər 6-17 yaş qrupları arasında şagirdləri əhatə edir. Bundan başqa, biz dərnəyin binasında həftədə bir dəfə universitet tələbələrinə “Türk dünyası” dərsləri keçirik. Bu dərslərə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyədən tələbələr qatılırlar. Artıq 7 ildir ki, dərslər davam etdirilir. Doğrudur, bizim verdiyimiz diplom ali təhsil sənədi kimi keçərli deyil. Amma kursu bitirən gənclərə bununla bağlı sənəd verilir. Dərslər adətən oktyabrdan may ayına qədər davam edir. Məqsədimiz türk dünyası və onun tarixini, coğrafiyasını doğru-düzgün öyrətməkdir. Bizim istəyimiz o deyil ki, bu dərsləri dinləyən gənclər bir qurum olaraq bizə bağlı olsunlar. İstəyirik ki, onlar müstəqil fikirli olsunlar, türk dünyasını könüldən sevsinlər. Amma öz ölkələrinə qayıdanda “Türk dünyası bir ağacdır. Biz də bu ağacın qollarıyıq”, deyə bilsinlər.
- Dərs proqramı necə tərtib olunur, ən çox hansı dövrlərə və istiqamətlərə yer verilir?
- Öncə qədim dövrlərdən XVI əsrə qədər türk dünyasının ortaq tarixini, növbəti mərhələdə XVI əsrdən sonrakı tarixi tədris edirik. Məktəbdə 400 tələbəmiz var. Hazırda onlardan 60 nəfərinə təqaüd veririk. Türk dünyası dərslərinin proqramını mən yazıram. Dərsi tarixçilər keçir. Dərslərdə türk dünyası, türk dili və ədəbiyyatına yer verilir. Təbii ki, Azərbaycanın önəmli şəxsiyyətlərindən də bəhs edirik. Tarix dərslərinin son bölümündə, 1828-ci ildən bu günə qədər Rusiya imperiyasının yürütdüyü siyasəti anladırıq. İkinci dərs dönəmində tələbələr öz vətənlərini anladan məruzələr edirlər. Məsələn, bir azərbaycanlı tələbə Qarabağ məsələsi, Xocalı faciəsi ilə bağlı məruzə oxuyur. Yəni tələbələr sanki hesabat seminarı hazırlayıb qiymət alırlar.
- Orxan bəy, Türkiyə türk dünyasına daha çox 90-cı illərdə açıldı. Elə o zaman da müxtəlif yerlərdən tələbələr Türkiyəyə təhsil almağa gəldi. Sizin fondun yaranması da həmin illərə təsadüf edir. Bu tələbələrlə elə o zamanlar maraqlana, onlara dəstək verə bilirdinizmi?
- 1992-ci ildə Türkiyənin böyük tələbə layihəsi oldu. 10 min əcnəbi tələbə Türkiyəyə təhsil almağa gəldi. Biz isə Türk Ocaqları olaraq daha öncə, yəni 1990-cı ildə Türkiyəyə ilk dəfə tələbə gətirdik. Bakıdan 6-7 tələbə gəldi. Qırğızıstan, Özbəkistan, Qazaxıstandan, Türkmənistandan da az sayda tələbələr gəldilər. Türkmənistanın Ankaradakı səfiri vaxtilə bizim təqaüd verdiyimiz adamdı. Yəni biz daha öncədən bu əlaqəni qurduq, tələbələrimizə dəstək verdik.
- Siz daha öncə Qazaxıstanın Türküstan şəhərində Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetində çalışmısınız. Bu həm də təhsil ocağının qurulduğu ilk illərə təsadüf edib...
- 1993-cü ildə Türküstanda Türkiyədən Əhməd Yasəvi universitetində çalışan ilk adam mən olmuşam. Qaydaya görə rektor Qazaxıstandan, rektor müavini isə Türkiyədən olmalıdır. Mütəvəlli heyətin sədri türk, müavini qazax olur. O zamankı qaydalara görə tələbələrin yarısı Qazaxıstandan, dörddəbiri Türkiyə, qalan dörddəbiri başqa türkdilli respublikalardan olmalı idi. İlk dövrlərdə çox çətinlik çəkirdik. Dedilər ki, başqa yerlərdən türk tələbələrin qəbulu üçün nə edək? Dedim ki, oralara məktub yazaq. Azərbaycana qədər məktub yazıb, tələbə qəbulu üçün müraciət etdik. Türkdilli ölkələrdən cəmi 19 nəfər gəldi. Yazılı imtahan keçirdik, tələbələr yaxşı nəticə göstərmədi. Sonra şifahi imtahan keçirdik. Bu imtahan zamanı onların hər birinə başa salırdım ki, bizim sadəcə məqsədli şəkildə adlarımızı dəyişiblər və biz əslində türkük. Təsəvvür edin, 4 nəsil bunlara, sən qazaxsan, özbəksən, qırğızsan, tatarsan və s. deyilib. Amma mən isə deyirəm ki, biz bir ağacın qollarıyıq. Bu ağacın adı da Türkdür. Mən də özbəyəm. Amma özbək türkü olduğumu 18 yaşımda universitetə qəbul olduqdan sonra öyrəndim. Bundan öncə atam “Biz türküstanlıyıq”, deyirdi. Xəzərin o biri tərəfində Türküstan olub, oradan Türkiyəyə köçmüşük. 1895-ci illərdə yazılmış ədəbiyyat var. Orada Daşkəndin ortasından Sırdərya çayının qolu olan bir çay axdığı bildirilir. Ona Çırçık çayı deyilir. Bu çayın adı XIX əsrin ortalarına qədər Nehri-Türki adlanır. Sonra bu adı məqsədli şəkildə dəyişərək ona “Çırçık” adı qoyulur. O zamankı ədəbiyyatda Əlişir Nəvainin türkcəsi “Ləhceyi-türki”, bizim türkçəmiz isə “Ləhcey-Osmani” adlanır.
- Orxan bəy, Azərbaycan daxil olmaqla digər türkdilli ölkələrdə oldunuzmu? Bu ölkələrlə hər hansı birgə layihələr düşünürsünüzmü?
- 1991-ci ildə artıq bəlli idi ki, SSRİ dağılacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihə yazdıq. Türkcə şivələr və rus dili kursu açdıq. 6 ay 82 adama bu dərsləri keçdik. İyun ayında dedik ki, iştirakçılar təcrübə, treninq keçsin. Azərbaycana getdik və oradan da dənizlə Türkmənistana gedəcəkdik. Vizaya Batumi-Bakı yazmışdılar. Bakıda bizə dedilər ki, gedə bilməzsiniz. Bəxtiyar Vahabzadəni tapdıq. Onun vasitəsilə Təhsil Nazirliyinə getdik və sənəd aldıq. Amma buna baxmayaraq, vizamız olmadığına görə Türkmənistan bizi qəbul etmədi. Geriyə, Bakıya qayıtdıq. Dedik, heç olmasa Bakını gəzək. Yadımdadır, o zaman mərkəzi meydanda Leninin heykəli vardı. Dedim ki, gəlin, bunun altında şəkil çəkdirək. Bir müddət sonra o heykəli götürdülər. Bu şəkli bir fakt kimi saxlayıram. Birgə layihələrə gəlincə, Qazaxıstanda 6-12 yaş arasında uşaqlarla riyaziyyat müsabiqəsi keçirdik. Müsabiqədə 1500 uşaq iştirak etdi. İmtahandan keçən 120 uşağa dərəcə, hədiyyə verdik. Həm də Antalyada dincəldilər. Sonra Türk Keneşinə (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) müraciət edib bu layihəni genişləndirmək istədiyimizi dedik, qurum bunu çox gözəl qarşıladı. Yəni önümüzdəki illərdə bu layihə bütün türk dünyasını əhatə edəcək. 2012-ci ildə Türk Ocaqlarının 100 illiyi münasibətilə TÜRKSOY-la əməkdaşlıq əsasında Türk dünyası musiqi simpozimu və konsert keçirdik. Düşünürəm ki, artıq bunu ikinci dəfə keçirmək lazımdır. Beləliklə, görəcəyimiz işlər çoxdur, türk dünyasını əhatə edən layihələri reallaşdırmaq istəyirik.
Mehparə Sultanova
Ankara