Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev üzdə olmağı xoşlayan, jurnalistlərlə həvəslə ünsiyyət saxlayan şəxs deyil. Amma azdanışan və kütlə qarşısına çıxmağı sevməyən insanın da nə vaxtsa sevdiyi işi barədə ürəkdolusu danışmaq, onu yaxşı tanıyan jurnalistə müsahibə vermək istəyi olur. Deyəsən, mövsüm arasında yolumuzu bu teatrdan salmaqda bir xeyir varmış. Xeyir isə budur ki, Ə.Hacıyev ilə rəhbərlik etdiyi kollektiv, teatrın planları, cari qayğıları barədə maraqlı söhbət etdik.
Həmsöhbətimdən əvvəlcə Rus Dram Teatrının ötən mövsümü ilə bağlı fikirlərini soruşdum.
- Mövsümün necə başa çatdığı barədə özümüzün nəsə deməyimiz mənə bayağı görünür. Biz işimizi görürük, qoy uğur barədə kənardan söz desinlər. Kollektiv davamlı işləməyə alışıb. Hətta arada bir qədər sakitlik olanda, ya da işin ritmi aşağı düşəndə darıxmağa başlayırlar. 2016-2017 teatr mövsümündə biz 8 tamaşa təhvil vermişdik ki, onlardan üçü plana daxil deyildi. Teatrın iş planı az qala bir il əvvəldən tutulur. Hansı tamaşaların hazırlanması, hansı tədbirlərin keçirilməsi plana salınıbsa, mütləq yerinə yetirilir. Bundan başqa, bizim plana düşməyən, dövlət sifarişi olmayan tamaşalarımız da olur. Məsələn, hansısa aktyorun yubileyi münasibətilə hazırlanan tamaşalar, eləcə də keçirdiyimiz monitorinq əsasında tamaşaçının istədiyi əsərləri öz daxili imkanlarımız hesabına səhnələşdiririk.
- Bir mövsümdə 8 yeni tamaşa. Bu, böyük rəqəm deyil ki?
- Teatrın afişası daim təzələnməlidir. İnsan çox sevdiyi bir filmə, ya da tamaşaya iki, üç, uzağı dörd dəfə baxır, bir də müəyyən vaxtdan sonra onu seyr etmək istəyir. Buna görə də biz, hansısa tamaşanı ona baxmaq istəyənlər olduğu müddətdə - üç il, dörd il repertuarda saxlayırıq, ayda bir dəfə oynayırıq.
- Amma teatrınızın uzunömürlü tamaşaları da var...
- Hər şey tamaşaçıdan asılıdır. Əgər tamaşaçı gəlirsə, deməli, həmin əsər repertuarda qalmalıdır. Məsələn, «Karamazov qardaşları» 2010-cu ildən repertuardadır. Özü də bizim ən uzun tamaşamızdır: saat 7-də başlayıb, 11-ə qalmış qurtarır. Fikir verirəm ki, bir nəfər tamaşanı yarımçıq tərk etmir. «Yeddi gözəl» kimi ağır, şeirlə danışılan tamaşada kimsənin səsi çıxmır. Diqqətlə qulaq asırlar.
- Onda belə demək olar ki, teatrda repertuar siyasəti düzgün qurulub.
- Yenə də hər şey tamaşaçıdan asılıdır. Bunu da əvvəlcədən proqnozlaşdırmaq olmur. Açığını deyim, «Əli və Nino»nu hazırlayanda elə zənn edirdik ki, tamaşa o qədər də maraq doğurmayacaq. Çünki əsəri hamı oxuyub, film çəkilib. Amma 2016-cı ilin dekabr ayında təhvil verilən tamaşaya elə maraq yarandı ki, «Əli və Nino»nun gətirdiyi kassa gəlirinə artıq iki tamaşa hazırlaya bilərik.
- Nə yaxşı. Bəs bu tamaşaya qədər, kino dili ilə desək, hansı tamaşanız prokat lideri olub?
- Son on ili götürsək, «Qürur və qərəz» tamaşası ən çox baxılan tamaşamızdır. Neçə ildir ki, bu tamaşa gedir. Hətta son illər görünməmiş bir hal baş verdi: tamaşaya üç gün qalmış kassanın pəncərəsinə elan vurduq ki, bilet yoxdur. Belə uğurlar adama həzz verir. Bu tamaşanın gətirdiyi gəlir ilə dörd tamaşa qoymuşuq.
- Rus Dram Teatrı həm də müştərək layihələri ilə seçilir...
- Bu il də Rusiya ilə birgə iki layihəmiz var. Rusiya Teatr Agentliyinin proqramına qoşulmuşuq. Bizim teatrda çalışacaq rusiyalı quruluşçu rejissor və quruluşçu rəssam öz ölkəsinin Mədəniyyət Nazirliyindən qonorar alacaq, amma tamaşanı bizim teatrda, öz aktyorlarımızın iştirakı ilə hazırlayaraq təhvil verəcək. Rejissor, rəssam iyun ayında gəldilər, kollektivlə, teatrın imkanları ilə tanış oldular, müqavilə imzaladıq. Vladimir Smirnov «Peterburqlu tacir» vodevilinə quruluş verir. Müqaviləyə əsasən 50 gün ərzində tamaşa təhvil verilməlidir. Sentyabrın 1-də məşqlər başlanır, oktyabrın 20-si premyeradır. Belə konkretlik mənim xoşuma gəlir. Daha rejissor gəlib demir ki, 10 gün vaxt verin, nəyisə dəyişim, ya da texniki heyət işi ləngitmir.
- Belə sərfəli müqavilələr göydən düşmür...
- Əlbəttə, əvvəlcə işləmək, sonra yeni mərhələlərə çıxmağı arzulamaq lazımdır. Məsələn, Yonas Vaytkus «Yeddi gözəl»i hazırladı. Anna Potapova «Sevgi ilə zarafat etməzlər"i tamaşaya qoyandan sonra dedi ki, Moskva teatrşünaslarının bu tamaşaya baxması yaxşı olardı. Dəvət etdik, gəldilər, baxdılar, yazdılar. Rusiya mətbuatında müsbət resenziya çap olunandan üç ay sonra həmin tamaşanı festivala dəvət etdilər. Bizimlə çalışan dəvətli rejissorlar, rəssamlar sonra öz təəssüratlarını bölüşürlər, aktyorların istedadından, onlara iş üçün yaradılan şəraitdən hər yerdə danışırlar, bizim barəmizdə rəy yaradırlar.
- Hər təzə rejissorla iş aktyor üçün də maraqlıdır axı. Nə qədər öz şirəndə qaynamaq olar, sənə alışmış rejissor daxilindəki potensialı görməyə də bilər...
- Adətən, teatrda tamaşa qurulması ilə bağlı iki fikir var: bir fikir budur ki, teatrda sabit truppa və sabit quruluşçu heyət çalışır. O biri fikir də belədir ki, dəvətli rejissor, aktyor, rəssam yaradıcı heyətə təzə nəfəs gətirir. Sabitlik çox yaxşıdır, amma biz tamaşaçı üçün işləyirik. Tamaşaçı isə yenilik, fərqli tərz, müxtəliflik istəyir. Özüm şahidəm ki, hər rejissor yaxşı tanıdığı aktyorun potensialını tam görmür, ona elə eyni tipli rollar verir. Lakin həmin aktyoru heç tanımayan dəvətli rejissor onda elə cəhətləri tapıb üzə çıxarır ki...
- Sentyabrın 16-da teatr premyera ilə yeni mövsümə başlayır...
- Ejen İoneskonun "Mərasim" tamaşası oynanılacaq. Onu da Rusiyadan dəvət etdiyimiz rejissor hazırlayıb. Soydaşımız Ərşad Ələkbərov Sankt-Peterburqda təhsil alandan sonra orada da işləməyə başlayıb. Aktyorlar iyun-iyul aylarında inadla məşq ediblər. Hiss olunurdu ki, pyes üzərində işləmək onlara ləzzət edir.
- Ədalət müəllim, söhbətimizdə bir məqamı tutdum: teatra məhəbbətiniz böyükdür.
- Teatrda işləmək üçün mütləq onu sevməlisən. Teatr canlı orqanizmdir, sevgiyə ehtiyacı var. Mən bu teatrda çoxdan işləyirəm, demək olar ki, hamını yaxşı tanıyıram. Təzə işə gəlmək istəyən hər kəsdən - qapıçıdan ta aktyoradək - hamıdan teatra münasibətini xəbər alıram. Teatr insanları çox şıltaq olur. Aktyorları sevməsən, onların nazı ilə oynamağa səbir yetməz. Hərdən özləri də etiraf edirlər ki, sizi çox incidirik. Amma buna tablaşmaq lazımdır. Tamaşaçı teatra direktora görə yox, afişada adını oxuduğu aktyora görə gəlir.
Gülcahan Mirməmməd