“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq mühüm işlər görülməkdədir. Bu irəliləyiş özünü ölkədə il ərzində çəkilən filmlərin sayında, gənclərin kino sənətinə üz tutmasında, kinonun maddi-texniki bazasının möhkəmləndirilməsində bir daha göstərir. Dövlət Proqramında kinonun bütün sahələrinin inkişafı üçün tədbirlər nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirib ki, son illər Azərbaycanda çəkilən filmlərin sayı artıb və bu göstərici ildə 7-8 filmə çatıb. Nazirlik rəsmisinin sözlərinə görə, sovet dövründə Azərbaycan kinosunun inkişafda olduğu illərdə də məhz bu qədər film çəkilib.
Sektor müdiri qeyd edib ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə keçirilən “Bu meydan, bu ekran-2011” kino layihəsi gənc istedadlı rejissorların üzə çıxmasına təkan verib. Layihə çərçivəsində maraqlı ekran əsərləri çəkilib. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.