Azərbaycanın tanınmış çağdaş qadın rəssamlarından biri də Sənubər Səmədovadır. O, 28 dekabr 1955-ci ildə Bakının Şağan kəndində anadan olub. Uşaqlıqdan rəsm çəkməyə başlayıb. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində sənət təhsili alıb, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ tətbiqi sənət fakültəsində oxuyub. 1987-ci ildə ali məktəbi bitirərək Rəssamlar İttifaqının Bədii fondunda rəssam kimi fəaliyyətə başlayıb.
1995-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam kimi işə qəbul edilib və 2011-ci iləcən burada çalışıb. Bu illərdə “Göyçək Fatma”, “Cik-cik xanım”, “Ələkbər əmi gülüş planetində”, “Eramızdan milyon il əvvəl”, “Zınqırovlu pişik”, “Göy saqqal” və başqa tamaşalara bədii tərtibat verib. “Cik-cik xanım” tamaşasına görə yaradıcı heyət “Dərviş” mükafatına da layiq görülüb. 2011-ci ildən Azərbaycan Dövlət Pantomima Teatrında baş rəssam olaraq fəaliyyət göstərir.
S.Səmədova dəfələrlə yerli və beynəlxalq sərgilərdə iştirak edib. Müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda, qalereyalarda onun çəkdiyi tablolara, yaratdığı kuklalara rast gəlmək olar. Ərsəyə gətirdiyi bir neçə kukla hazırda Cəfər Cabbarlı adına Teatr Muzeyinin ekspozisiyasında sərgilənir.
Sənubər xanımın ilk fərdi sərgisi 2003-cü ildə Türkiyənin paytaxtı Ankarada keçirilib. İkinci sərgisi isə 2006-cı ildə Bakıda baş tutub. Növbəti fərdi sərgisi 2013-cü ildə çalışdığı Pantomima Teatrında təşkil edilib. Burada onun kuklaları, illər öncə çəkdiyi rəsmləri sərgilənib.
Ötən ilin sentyabrında isə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Ənənə və müasirlik” adlı fərdi sərgisinin açılışı oldu. Sərgidə rəssamın qrafik əsərləri və tətbiqi-sənət sahəsində yaradıcılığı sənətsevərlərə təqdim edildi. “Yunçırpan”, “Sapboyayan”, “Süpürgəçi”, “Dərviş”, “Südçü”, “Dəyirmançı”, “Qadın və təndir”, “Yağışın göz yaşları”, “Məhəbbət”, “Tənhalıq”, “Pıçıltı”, “Sevgi”, “Süpürgəsatan”, “Vurğun Şekspir”, “Xosrov və Şirin”, “Şahzadə”, “Şair”, “Bakı damları”, “Kənd yolu”, “Abşeron”, “Payız” və başqa əsərlərində rəssamın gerçəkliyə yaradıcı münasibəti aydınca duyulur. Bu hal yaradıcı insan üçün çox gərəklidir. Yəni rəssam təkcə təsvirçi yox, həm də ideya axtarışlarında olmalıdır.
Sənubər xanımın yaratdığı tətbiqi sənət örnəkləri özəlliklə insanı valeh edir. Bunlar taxtadan konusvarı yonulmuş, üzdən rus kuklalarına bənzəsə də, ancaq milli kuklalardır. Rəssam bu taxtalara yenidən can verir, onları boyayaraq milli geyimlə bəzəyir. Hazırda S.Səmədova yeni əsərlər üzərində çalışır, sənətsevərləri sevindirməyi düşünür.
S.Qaliboğlu