Bir əsərin tarixçəsi 
   
   15 sentyabrın xalqımızın həyatında hansı böyük əhəmiyyət daşıdığı çoxlarımıza yalnız ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra bəlli oldu. Öyrəndik ki, 1918-ci ilin həmin tarixi günündə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak və ingilis hərbi hissələrdən azad etmişdir. Həqiqətən də, 1918-ci ilin 28 mayında “İstiqlal bəyannaməsi” ilə müstəqilliyini elan edən Azərbaycanın - müsəlman Şərqində yaranmış ilk xalq-demokratik respublikasının mövcudluğu ilk günlər ciddi sual altında idi. Həmin ağır günlərdə bədxahları üçün “göz dağı”na çevrilmiş respublikanın xilaskarı Osmanlı dövlətinin Qafqaz İslam Ordusu oldu...
   
   37 yaşlı general-mayor Nuru paşanın (1881-1949) başçılığı ilə Azərbaycanın ilk milli qüvvələrinin də yer aldığı bu ordu 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək uğurlu döyüş əməliyyatları apararaq, əzəli Azərbaycan torpaqlarını yağılardan təmizləmişdir. Ordunun sentyabrın 15-də bolşevik-daşnak dəstələri üzərindəki qələbəsi isə düşmənlərin daha çox toplaşdığı Bakının azad olunması ilə nəticələnmişdir. Bu yerdə əlavə edək ki, Türkiyənin I Dünya müharibəsində uğursuzluqlarından və 1918-ci ilin 30 oktyabrında imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri, o cümlədən də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirək ki, tarixə həm də “Tripoli qəhrəmanı” adı ilə daxil olan cəsur komandan təqaüdə çıxandan sonra İstanbul yaxınlığında dəmirtökmə zavodu açıbmış. Burada II Dünya müharibəsi dövründə hərbi sursat istehsal olunub. Nuru paşa 1949-cu ildə burada baş vermiş partlayış nəticəsində həlak olub.
   Sovet dönəmində Qafqaz İslam Ordusunun xalqımızın həyatında oynadığı rol barəsində məlumatlar məlum səbəblərdən gizlin saxlanmış, Nuru paşa (Killigil) və onun silahdaşlarının qəhrəmanlıqları geniş ictimaiyyətə çatdırılmamışdır. Amma müstəqillik illərində bu sahədə müəyyən addımlar atılmışdır. Şəhidlər xiyabanında xilaskar türk əsgərlərinin şərəfinə memarlıq abidəsinin ucaldılması, Qobustan rayonu (Acıdərə) ərazisindəki türk zabiti məzarının abadlaşdırılması bunun əyani nümunəsi sayıla bilər. 
   Yeri gəlmişkən deyək ki, Nuru paşanın xatirəsinə, onun əbədiləşdirilməsinə münasibət Türkiyənin özündə də arzulanan səviyyədə olmayıb. Onun İstanbulun Ədirnə Qapı məzarlığındakı qəbri uzun müddət baxımsız qalmışdı. Bir qrup Azərbaycan ziyalısının Türkiyə səfəri zamanı bu biganəlik gündəliyə gətirilmiş və müvafiq orqanların işə qarışmasından sonra məzarın bərpasına qərar verilmişdi. Hazırda Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilən görkəmli hərbçinin abad məzarı üzərində Azərbaycanın və Türkiyənin bayraqları dalğalanmaqdadır...
   * * *
   Bakının düşmənlərdən azad olunduğu bu sentyabr günündə Nuru paşanı yada salmağımız nə qədər təbii görünsə də, bu yazını “Bir əsərin tarixçəsi” layihəsində təqdim etməyimizin başqa, özü də çox ciddi səbəbi vardır. Belə ki, bu indiyə qədər başqa bir hərbçinin portretinin səhv olaraq Türkiyə və Azərbaycan ictimaiyyətinə Nuru paşa adı ilə təqdim olunması ilə bağlıdır. Əslində bütün mənbələrdə Nuru paşa adı ilə təqdim olunan şəxs Qafqaz İslam Ordusunun başqa bir zabiti - Cəmil Cahit Toydəmirdir (1883-1956). Bu iki hərbçinin şəkillərinin səhv salınmasının əsl səbəbi bilinməsə də, indiyə qədər Nuru paşa kimi təqdim olunan hərbçinin Osmanlı dövlətinin müdafiə naziri olmuş Ənvər paşanın qardaşı olmadığı dəqiq və birmənalıdır. 
   Bu “sirrin” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində açılmasına səbəb isə Gəncədə yaşayıb-yaradan rəssam Faiq Abdullayevin Nuru paşanın həyatı ilə maraqlanması və onun portretini çəkməsi olmuşdur. Görkəmli sərkərdənin Azərbaycanda göstərdiyi şücaətlər barədə məlumat toplayan rəssam 2015-ci ildə onun xatirəsinə ehtiram əlaməti olaraq qəhrəman komandirin portretini yaratmağı qərara alır. Faiq Abdullayev əsəri tamamlayandan sonra onu Türkiyənin Gəncədəki konsulu Orxan İşığa hədiyyə verir. Bir müddət sonra Türkiyədən Gəncəyə qonaq gələn bir türk hərbçisi konsulluğun binasında asılmış həmin əsəri görür. Lakin yağlı boya ilə çəkilmiş tablonun ona “Nuru paşanın portreti” kimi təqdim olunması söhbətin istiqamətini və məzmununu tamamilə dəyişdirir. Qonağın bu portretdə Nuru paşanın təsvir olunmadığını söyləməsi hamını çox təəccübləndirir. Bu söhbətdən sonra Ankarada olan konsul Orxan İşıq orada Nuru paşanın qızının arxivindən onun əsl fotoportretinin surətini Gəncəyə gətirir və Faiq Abdullayevə verir. Bundan sonra rəssam yenidən portret üzərində çalışmağa başlayır və əsərdəki Cəmil Cahitin cizgilərini Nuru paşanın cizgiləri ilə əvəzləyir. Bundan sonra əsər həqiqi Nuru paşanı əks etdirən portret kimi əvvəlki yerini tutur. 
   Qeyd etmək lazımdır ki, Nuru paşanın gəncliyində atası Əhməd bəy və böyük qardaşı Ənvər paşa ilə birlikdə çəkdirdiyi fotoya əsasən də onun portretində Cəmil Cahitə oxşar əlamətlərin olmadığını söyləmək mümkündür. Ənvər paşa ilə yavərinin təsvir olunduğu fotodakı (foto guya 1918-ci ildə Bakıda çəkilib) generalın cizgilərində də Ankaradan əldə olunan fotoportretə bənzər oxşarlıq mövcud deyil. Əslində internetdə yayılan həmin foto da Cəmil Cahitə aiddir. 
   Avqust ayında Gəncəyə səfərimiz zamanı biz də konsulluqda olduq, portretlə əyani tanış olduq. Elə yuxarıda danışdığımız tarixçəni də konsulun dilindən eşitdik. Bu yerdə əlavə edək ki, Gəncədəki rəngkarlıq portretinin üz cizgiləri dəyişdirilsə də, iki il əvvəl Bakıda - Türkiyənin Azərbaycandakı səfirliyinin həyətində ucaldılan büstdə isə hələ ki, Cəmil Cahit Nuru paşa kimi təqdim olunmaqdadır. İnanırıq ki, Cümhuriyyətimizin 100 illiyinin qeyd olunmasına kimi heykəl yenisi ilə əvəzlənəcəkdir. 
   Haqqında söz açdığımız əsərdə rəssam sərkərdəni at belində - Gəncə şəhərinin mənzərəsi fonunda təsvir etmişdir. Müəllifin təqdimatında onun xilaskar ordunu qarşılayan şəhər əhalisi ilə görüşü nikbin çalarlarla zəngindir. Monumentallığı ilə diqqətçəkən portret zaman etibarilə Nuru paşanın Gəncəyə daxil olduğu vaxtı əks etdirir. At belində onu qarşılamağa çıxan əli qırmızı bayraqlı insanların çöhrələrinə hopmuş nikbinlikdə baş verənlərin gəncəlilərin böyük sevincinə səbəb olduğunu görmək mümkündür. Əlavə edək ki, Gəncə küçələri ilə irəliləyən və insanları salamlayan Nuru paşanın yüyəni çəkməsinin atın hərəkətinə duyulası dinamika və ətraf insanlarla birlikdə kompozisiyaya canlılıq və şadyanalıq bəxş etməsi rəssam tərəfindən yüksək sənətkarlıqla işlənilmişdir. Arxadakı qədim memarlıq tikilisinin, sağdakı azman Gəncə çinarının buludları dağıdan mavi səma ilə qovşağının bədii təqdimatı kifayət qədər cəlbedici və duyğulandırıcıdır... 
   * * *
   Tarixiləşdiyi artıq birmənalı olan “Nuru paşanın portreti” əsərinin müəllifi Faiq Abdullayev 1945-ci ildə Gəncədə anadan olmuşdur. İxtisas təhsilini əvvəlcə Bakıdakı “Əzimzadə məktəbi”ndə (1962-1967), sonra isə Baron Ştiqlis adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyasında (1969-1976) almışdır. Təyinatla bir müddət Rusiyada çalışan rəssam 1985-ci ildən Gəncədə yaradıcılıqla məşğuldur. Müxtəlif janrlı əsərlərində xalqımızın uzaq-yaxın tarixi, Azərbaycan poeziyası motivləri, yurdun ürəkaçan mənzərələri, görkəmli şəxsiyyətlərin obrazları əks olunmuşdur. Rəssamın ifadə üslubunda dünyaya gerçəkçi baxış qabarıq duyulsa da, bütünlükdə ərsəyə gətirdiyi əsərlər bədii-fəlsəfi yozumu və düşündürücülüyü ilə yadda qalır. Rəssamın Gəncə Tarix Muzeyinin ekspozisiyasında nümayiş olunan müxtəlif mövzulu əsərlərində isə Nizami yurdunun şərəfli tarixi özünün qürurdoğurucu və yaddaqalan əksini tapmışdır.
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru