ümumxalq tale-tariximizdə daha bir “MİLLİ MƏN”lik doğuluşumuz - “Bakı QURTULUŞU”muz!.. 
   
   70 il fikir-zikrimizdə, 30 ilə yaxındır açıq-aşkarımızda bayramladığımız Gün... 
   Və “bayram” sözü bəlli, bəs BAYRAM özü?.. Əlbəttə, hər hansı bir fərdi və ya ictimai-milli fəlakətdən qurtuluşa adekvat şənlik törəni, insanın hansısa (zatən özündən asılı olmayan) müşküldən, çətinlikdən xilasa mənəvi-psixoloji cavabı, qarşılıq-reaksiyası...
   
   Bunların ailəvi-məhəlləvisi, ümummilli, ümumqitəvi və hətta ümumdünyəvisi var; hər il “ad günü” formatında bayram edilən “doğum qurtarışı”ndan tutmuş, ta bəşəriyyətin faşizmdən xilasına qədər...
   Başlıqdakı tarixçə də - məmləkətimizin ən intellekt-elitar qismini, ən nəhəng sənaye, ən ali bədaye aləmini ehtiva edən paytaxtını (“çarıqlı-patavalı Azərbaycan kosmopolit Bakı şəhərinə yaraşmaz” “bişirim”lərilə) Azərbaycandan qoparıb ayrıca (əslində, “ayır-buyur”ca) quberniya etmək cəhdində olan bolşevik-daşnak quldurlarından QURTARIŞ BAYRAMImızı ifadə edir. 
   Bəli, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi gündəmindəki ilk və əsas məsələlərdən biri paytaxt məsələsi idi. Belə ki, həmin dönəmdə Bakı şəhəri işğal altında idi və bu səbəbdən də milli hökumətin məhz Gəncədə (müvəqqəti olaraq) fəaliyyətə başlaması barədə qərar qəbul edilmişdi. Lakin bu hökumətin ixtiyarındakı hərbi qüvvənin çox az (cəmi 600 nəfər) olması Gəncəni belə qorumağa yetmirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Azərbaycan rəhbərliyi qardaş dövlətin rəhbərliyinə müraciət etdi və 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri Ənvər paşa öz qardaşı Nuru paşaya rəhbəri olduğu hərbi hissələrlə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi. 
   Bu, əvvəli - şərəfli Türk və Azərbaycan əsgərlərinin ölüm-dirim savaşı, sonu - şöhrətli Bakı qurtuluşu üçün verilmiş hərbi əmr idi. Tezliklə böyük Əhməd Cavad tərəfindən bunun poetik izharı da veriləcəkdi:
   
   Atıldı dağlardan zəfər topları,
   Yürüdü irəli əsgər, Bismillah!
   O Xan sarayında çiçəkli bir qız 
   Bəkliyor bizləri, zəfər, Bismillah!..
   
   Türk ordu hissələrinin Gəncəyə girməsi iyunun 16-da Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsi üçün zəmin yaratdı və o, bütün qüvvəsini paytaxt Bakını işğalçılardan azad etmək çabalarına yönəltdi... 
   1918-ci ilin avqust-sentyabr aylarında qəhrəman türk əsgərlərinin şücaəti hesabına (və 1130 türk, 500-dən çox azərbaycanlı şəhidin, habelə, 6 minə yaxın dinc-mülki əhalinin qanı bahasına!) Bakı və digər bölgələrimiz azad olunur, Cümhuriyyət hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edir, Bakıda əsl BAYRAM təntənəsi yaşanır, H.Z.Tağıyev türk ordusunun şərəfinə dövrün “ən bahalı” ziyafətini (indiki Dövlət Filarmoniyası binasında) təşkil edir, Nuru paşa və digər qəhrəman sərkərdələrə qiymətli hədiyyələr verir. 
   Bu an bir haşiyə çıxmağa əşhədi-ehtiyac duydum. Yəni, bu qurtuluşun siyasi-hərbi-qəhrəmanlıq “rejissor”u, bütün düşüncə və çaba-çalışmalarıyla TURANçı Nuru paşa haqqında bir neçə kəlmə. 
   1881-ci ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində doğulub. 1903-cü ildən liseydə, 1906-cı ildən Quru Qoşunları Hərbi Məktəbində təhsil alıb, 1909-da leytenant rütbəsilə 3-cü Ordu komandanlığında, 1910-cu ilin yanvarından isə sultana məxsus piyada bölüyündə qardaşı Ənvər paşa (sonralar Osmanlı Türkiyəsinin müdafiə naziri) ilə birgə, əmisi - bir neçə il sonra 13 min ingilis əsgərini əsir götürməklə adını tarixə yazdırası Xəlil Kut paşanın komandirliyi altında fəaliyyətə başlayıb. Ona qədər (1911-ci ildə) Nuru özü də Benqazi döyüşündə (Liviya, Tripoli) şəxsən 100 italyan əsgərini məhv edir və Mudros müqaviləsindən sonra ingilis-fransız qüvvələri onun adını axtarışda olan 7 yüksək rütbəli Osmanlı zabitinin siyahısına salır.
   Hərbi Akademiyanı bitirdikdən sonra ən qısa müddətdə kapitan, mayor, polkovnik-leytenant rütbələri alan, 1916-cı ildə “Altun ləyaqət” ordeninə, “Altun-imtiyaz” medalına layiq görülən komandana 1918-də general (paşa) rütbəsi verilir. 
   Bu şöhrətli Paşanın bizim Azərbaycan taleyindəki -
   
   Rolu isə gün kimi aydın və parlaq!.. 
   
   Milli tariximizə qızıl hərflərlə düşmüş həmin təqvim-tarixçə öz “mövzusunu” özündən əvvəlki bir çox siyasi olaylardan - daşnak-bolşevik dualizminin törətdiyi kataklizmlərdən və çoxusu qələmdən-yaddaşdan yayınmış digər səbəblərdən götürmüşdü. O olay və səbəblərin ən qan-qadalısı da ki, bu xalqın heç zaman unutmayacağı məlum soyqırım - ermənilərin (əlbəttə, bolşeviklərin “dobro”su ilə) yeddi ay əvvəl Bakıda törətdiyi mart qırğınları!
   O dövrə aid tarixi mənbələrə görə, Bakı işğaldan azad edilənədək bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmiş, o ilin iyulunda iflasa uğramış Xalq Komissarları Sovetinin (əslində, Stepan Şaumyanın) hakimiyyəti dövründə Bakı və ətraf ərazilərdə Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. İndiki nəsil tarixçilərimizin dedikləri kimi, erməni-daşnak və bolşeviklərin Bakıda yaratdıqları bu xaos 1918-ci ilin avqustunda general Denstervilin komandanlığı ilə Bakını zəbt edib, mahiyyətcə antiazərbaycan siyasətli “Sentrokaspi” hökuməti yaratmaqla, Bakı neftinə (və Xəzər dənizinin bu hissəsinə) yiyələnmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən ingilislərə də sərf edirdi. 
   102 il əvvəl baş vermiş -
   
   Bu tarixi-şərəfli OLAY -
   
   cəmisi otuz ilə yaxındır mətbuatımızda açıq-aşkar qutlanmaqda; öz şəhid və qazisini daim uca tutan Türkiyədəki möhtəşəm törənlərlə, hər ildönümündə bizim Şəhidlər xiyabanı ərazisində ucaldılmış Bakı qurtuluşçuları - türk əsgərləri abidəsi önündə yüksək rütbəli hərbçilərin, hökumət adamlarının, deputatların, ziyalıların, media mənsubları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali, sevgili anım mərasimlərilə, Türkiyənin Azərbaycandakı səfirliyinin əsas salonuna Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın adının verilməsi faktı, xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda heykəlinin qoyulması təklifi və digər sayğı-qayğılarla... 
   Bu böyük hadisə və o qəhrəman Paşa bundan 100 il öncə də qutlanırdı. 1918-ci il iyunun əvvəllərində 300 nəfər təlimatçı ilə Gəncəyə gələn Nuru paşa haqda yazan M.Ə.Rəsulzadə: “Müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşıladı”. 
   1918-ci ilin noyabrında Hərbi məktəbin ilk buraxılışı təntənəsində iştirak edən Əhməd paşaya müraciətən Azərbaycanın təhsil naziri Nəsib bəy Yusifbəyli: “Zatı-aliləri, sizin şanlı oğullarınız Ənvər paşa və Nuru paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır...”
   Bu şəhərin xilas mühasirəsinin çox dəqiqliklə həyata keçirilməsinə heyrətini gizlədə bilməyən bir düşmən - ingilis qoşunlarının komandanı Denstervil: “Nuru paşanın topçuları elə bir dəqiqliklə atəş açırdılar ki, Bakıdakı memarlıq abidələrinin birinə də ziyan dəymədi...” 
   Və... o böyük TURANçının öz ləhcəsilə desək, bir kaç kəlmə də bəndəniz: görəsən, o GÜNümüz olmasaydı, bugünümüz necə olacaqdı? Bakısız Azərbaycan? Bakısız dövlət müstəqilliyi?!.
   Həmin dövrdən qaynaqlanan bu sualları indiki Qarabağ əhvalımıza transfer etməklə; 
   
   Tahir Abbaslı