Teatr mövsümü başlamaqdadır. Teatrsevərlər artıq ilk tamaşalar, sentyabr ayının afişası ilə tanış olsalar da, bu ilin ilk premyeraları barədə məlumatlarımızı mövsüm ərəfəsinə saxlamışıq. 
   Klassik musiqi heyranlarının üz tutduğu məkan - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu il də öz tələbkar tamaşaçılarını digər ölkələrdən dəvət etdiyi vokalçı və balet artistləri ilə görüşdürəcək. Repertuardakı tamaşalar ilə yanaşı, teatr bu yaxınlarda daha bir opera əsərini tamaşaçılarına təqdim edəcək.
   Görkəmli bəstəkar Cahangir Cahangirovun «Xanəndənin taleyi» operası təxminən qırx ildən sonra yeni quruluşda və musiqi redaksiyasında Azərbaycan operasevərlərinə nümayiş etdiriləcək. İlk nümayişi oktyabrın 7-nə nəzərdə tutulmuş «Xanəndənin taleyi» həm də 109-cu teatr mövsümünün premyerasıdır. XX əsrin əvvəlində Azərbaycanın çox məşhur xanəndələrindən olmuş, təsadüf nəticəsində neft sahibkarına çevrilərək sənətini atan Seyid Mirbabayevin taleyi, onun başına gələn hadisələr əsasında yazılmış əsər bu gün də aktualdır. Azərbaycanın daha stajlı operasevərləri bu operada Mirsəid partiyasının ilk ifaçısı Xalq artisti Baba Mahmudoğlunun səhnə performansını hələ unutmayıblar. Yeri gəlmişkən, tamaşaya ilk quruluşu elə librettonun müəllifi Kərim Kərimov vermişdi. 
   Teatr bu dəfə «Xanəndənin taleyi»ni əsasən gənc solistlərə həvalə edib. Baş qəhrəmanı Əməkdar artist İlkin Əhmədov canlandıracaq. Tamaşadakı digər rollar əməkdar artistlər Afaq Abbasovaya (Xanım), Fərid Əliyevə (Rəşid bəy), Səbinə Vahabzadəyə (Gülsüm), Fəridə Məmmədovaya (Rəna), solistlər Tural Ağasıyevə (Aşur bəy), Fəhmin Əhmədliyə (Qasım), Tələt Hüseynova (Məmməd) tapşırılıb. Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədovanı isə Xanəndə qız rolunda görə biləcəyik. 
   Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. İkipərdəli tamaşanın səhnə tərtibatı və geyim eskizlərinin müəllifi Əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir. 
   * * *
   Musiqili Teatr 108-ci teatr mövsümünün ilk dörd ayı üçün repertuar planını açıqlayıb. Yeni tamaşaya gəlincə, ötən mövsümün sonunda təhvil verilərək, cəmi iki dəfə oynanılmağa macal tapmış «Molla Nəsrəddinin beş arvadı» hələ ki, teatrın sonuncu premyerası sayılmaqdadır. Özbək dramaturqu İbrahim Sadıqovun pyesi əsasında hazırlanmış tamaşa Yaxın Şərq və türkdilli xalqların ortaq əfsanəvi qəhrəmanı Molla Nəsrəddinin başına gələn macəralardan bəhs edir. Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərovdur. Səhnə əsərində əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Mehriban Zalıyeva və başqaları məşğuldur. 
   Bundan başqa, teatr yaxın aylarda İmre Kalmanın 135, Fikrət Əmirovun 95, Oktay Kazıminin 85, Boris Qrafkin, Emin Sabitoğlu və Zemfira Quliyevanın 80, Larisa Vinoqradovanın 70 illik yubileylərini təntənəli şəkildə qeyd etməyi planlaşdırır. 
   * * *
   Yubiley yaşına qədəm qoymuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu mövsümün ilk premyeralarını gələn aydan etibarən təqdim etməyə hazırlaşır. Oktyabrın sonunda uşaqlar üçün C.Sviftin «Qulliver Cırtdanlar ölkəsində» tamaşası ilk dəfə oynanılacaq. İlin sonunda isə «Qar kraliçası» nağıl-tamaşası təhvil veriləcək. 
   Teatr noyabr ayında maraqlı bir tamaşa ilə pərəstişkarlarının görüşünə gələcək. Bakı Yunis Əmrə İnstitutu ilə birgə layihəyə təsadüfən «Eşqi-Nigar» adı verilməyib. «Koroğlu» eposundan Nigarın el qəhrəmanı Koroğluya bəslədiyi sevgi motivlərinin qabardıldığı tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, səhnələşdirəni Amalya Ömərova, baletmeysteri Ceyhun Dadaşovdur. Tamaşada əsas rollarda Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Ramiq Nəsirov və başqaları çıxış edirlər. Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. 
   «Eşqi-Nigar»ın ilk tamaşası noyabrın 14-nə təyin edilib. Səhnə əsərinin Türkiyənin Ərzurum, Bolu və digər şəhərlərində nümayişi də nəzərdə tutulur. 
   * * *
   Yuğ Dövlət Teatrı 29-cu mövsümdə Təranə Vahidin «Quş dili», Qan Turalının «Polkovnikin üç günü», Henrik İbsenin «Vahimə» əsərləri əsasında tamaşalar hazırlamaq niyyətindədir. 
   «Quş dili» üzərində yaradıcılıq işinə artıq başlanıb. Tamaşanın müəllifi rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir. Rolları Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Ələsgərov və Ləman Novruzova oynayırlar. Tamaşada hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir... Əsər bəşəriyyətin ən böyük bəlalarından sayılan - insanın özünə qarşı laqeydliyinə həsr olunub. Məşqləri davam edən tamaşanın premyerası oktyabra planlaşdırılır.
   * * *
   Paytaxtın mədəni həyatının bu payız zəngin olacağı bəlli. İndi növbə sizindir, əziz teatrsevər oxucular. Bəyəndiyinizi seçin, baxın, zövq alın. 
   
   G.Mirməmməd