Xəbər verdiyimiz kimi, sentyabrın 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində türkdilli xalqların ənənəvi VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalı keçirilib. Festivalda ölkəmizi Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edib. Sentyabrın 11-də M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası göstərilib.
“Cəza” təkadamlıq psixoloji oyun dramıdır. Tamaşa başqasına aşiq olan və çox da gənc olmayan ərli qadının daxili mübarizəsindən bəhs edir. Ailəsi, uşaqları, evi onun üçün əhəmiyyətsizdir, qadının həyatı öz-özüylə mübarizədə keçir. O, yalnız ümid və xəyallarla yaşayır. Ancaq başa düşmür ki, onu yaxın gələcəkdə ölüm gözləyir...
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada Əməkdar artist Kəmalə Hüseynova oynayır.