Oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil olunacaq Yaponiya qida məhsulları sərgisi zamanı ziyarətçilərə yapon milli teatr sənəti də təqdim ediləcək. Bu barədə sərginin icraiyyə komitəsinin sədri, “Cross Border Club” şirkətinin meneceri Kazuyasu İşida bildirib.
Azərbaycanda ilk dəfə keçiriləcək Yaponiya qida məhsulları sərgisinə ciddi hazırlaşdıqlarını deyən K.İşida qeyd edib ki, artıq 60-dan artıq yapon şirkəti sərgidə öz məhsullarını nümayiş etdirmək niyyətində olduğunu bildirib. Sərgi zamanı həmin şirkətləri təmsil edəcək 150-dən artıq yapon iş adamının Bakıya səfəri gözlənilir. Sərgidə yapon qida məhsulları və içkiləri ilə yanaşı, mətbəx ləvazimatlarının, kosmetik vasitələrin də ziyarətçilərə təqdim edilməsi nəzərdə tutulur.
Bundan əlavə, Yaponiyanın tanınmış Kabuki Milli Teatrının sənətkarları da ziyarətçilər qarşısında çıxış edəcəklər. K.İşida əmin olduğunu bildirib ki, qədim yapon incəsənətini yaşatmaq məqsədilə 1966-cı ildə yaradılan və sonralar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən teatrın təqdim edəcəyi yapon milli incəsənət nümunələri sərginin iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq.