Xalq yazıçısı Elçinin pyesləri xarici ölkə teatrlarının diqqət mərkəzindədir. Bu pyeslər ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İtaliya, Koreya Respublikası, Ukrayna, Gürcüstan və digər ölkələrin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulub, tamaşaçıların da, sənətşünasların da yüksək qiymətini alıb. Yazıçının məşhur “Şekspir” tragikomediyasının da səhnə taleyi çox uğurlu olub. İlk dəfə Bakıda tamaşaya qoyulmuş bu pyes bir çox dillərə tərcümə edilib, Nyu-York, London, İstanbul, Moskva, Sankt-Peterburq və başqa böyük şəhərlərin teatrlarında səhnələşdirilib.
İtaliyanın Aurum-Larqo Qardone Riverada teatrı avqustun 23-dən etibarən “Şekspir” pyesi əsasında hazırlanmış tamaşanı sənətsevərlərə təqdim edir. Pyes yüksək zövqlə hazırlanmış buklet və afişalarda “təkrarolunmaz, müqayisəedilməz, qeyri-adi, mükəmməl” əsər kimi qiymətləndirilir. Pyesi ingilis dilindən italyancaya Marqerita Kristiani tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Patrizia Di Filviani, bəstəkarı Gulio Skokkiadır. Əsas rolları İtaliyanın tanınmış aktyorları Q.Silveri, D.Jiglia, A.Petrone, A.Talotti və başqaları ifa edir. Bütün tamaşalar anşlaqla keçir.