Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Minskdə Belarus kitab nəşrinin və ilk kitabın naşiri olan Frantsisk Skorinanın 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda və Belarus Milli Kitabxanasının 95 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Kərim Tahirov, həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyinə həsr olunmuş yubiley iclasına da qatılıb. Yığıncaqda təşkilatın son 5 ildə gördüyü işlər haqqında hesabatı dinlənilib və maliyyə hesabatı təsdiq edilib. İclasda Avrasiya Kitabxanalar Assambleyasının baş direktorunun seçkisi keçirilib. Rusiya Dövlət Kitabxanasının şöbə müdiri Qalina Raykova yenidən 5 il müddətinə bu vəzifəyə seçilib.
Avrasiya Kitabxanalar Assambleyasının iclası çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Belarus Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. İki kitabxananın direktorları Kərim Tahirov və Roman Motulski tərəfindən imzalanan saziş 5 il müddətinə əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, kitabxana və informasiya mübadiləsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələləri əhatə edir.
İclasın sonunda Avrasiya Kitabxanalar Assambleyasının növbəti, 21-ci illik yığıncağının 2018-ci ilin sentyabrında Bakıda keçirilməsi qərara alınıb. Ümumi yığıncaqda, həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyi ilə əlaqədar olaraq təşkilatın təsisçisi olan 5 milli kitabxana, o cümlədən Azərbaycan Milli Kitabxanası Avrasiya Kitabxanalar Assambleyasının xüsusi medalı və fəxri fərmanı ilə təltif olunub, Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanası assambleya üzvlüyünə qəbul edilib.