Sentyabrın 16-da Azərbaycan Dövlət Musiqili Teatrında yeni - 108-ci teatr mövsümünün açılışı olub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin mədəniyyət və sənət adamları iştirak ediblər.
Teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərək ötən mövsümdə qazanılan uğurlar, gələcək fəaliyyətləri, yeni tamaşalar haqqında danışıb.
Sonra dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası tamaşaçılara təqdim olunub.
Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayevin oynadığı tamaşanın növbəti nümayişi alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycanda musiqili teatrın əsası 1910-cu ildə məhz “Ər və arvad” tamaşası ilə qoyulub.