Azərbaycanı qarış-qarış gəzən Bakı Uşaq Teatrı bu dəfə yeni mövsümün açılışını Qusarda, Şahdağ Turizm Mərkəzində edəcək.
Mərasimin 26 sentyabra təyin olunması da təsadüfi deyil. Qardaş Türkiyədə həmin tarix (1932-ci ildən) Türk dili bayramı kimi qeyd olunur.
Açılışda balaca seyrçilərə türk nağılı əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Pəltək cücə” tamaşası təqdim olunacaq. Mərasim illüzionist Tofiq İsgəndərlinin iştirakı ilə şou-proqramla davam edəcək.
Tamaşaçıların Şahdağ Turizm Mərkəzinin və Bakı Uşaq Teatrının hazırladıqları müxtəlif hədiyyələri, kitab və dərs ləvazimatlarını qazanmaq şansı da olacaq.