Məlum olduğu kimi, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı mədəniyyət və turizm nazirinin müvafiq əmrinə əsasən, 15 sentyabrda ölkəmizdə kino mövsümünə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorundan verilən məlumata görə, bu ilin sonuna qədər nümayiş olunacaq 30 bədii, 60-dan çox sənədli film, o cümlədən Milli Qəhrəmanlara həsr olunan 15-dən artıq ekran əsərindən ibarət repertuar hazırlanıb. Paytaxtla yanaşı, ölkənin şəhər və rayonlarında ümumilikdə 242 mədəniyyət müəssisəsi kino mövsümünə hazırdır. 
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi müəssisələrdə müasir və klassik filmlərimiz göstərilir. Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində “Cavad xan” filmi nümayiş olunub. Tədbirə “Cavad xan” filminin ssenari müəllifi, Xalq şairi Sabir Rüstəmxanlı, quruluşçu rejissor Rövşən Almuradlı da qatılıb. Əvvəlcə regional idarənin rəisi Mehman Şükürov çıxış edərək yeni layihə haqqında məlumat verib. 
   Qeyd edək ki, gün ərzində Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzində “40-cı qapı”, Qubadlı rayon V.Əliyev adına Mədəniyyət evində “Dolu”, Xızı rayon Altıağac qəsəbə Diyarşünaslıq evində "İkinci ömür", Şuraabad qəsəbə Sənətkarlıq evində "Tütək səsi", Abşeron rayon Mədəniyyət mərkəzində "Güllələnmə təxirə salınır", Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evində “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlər, Zəngilan rayon Mədəniyyət evində “Bizim Cəbiş müəllim” filmləri nümayiş olunub.
   * * *
   Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində kino mövsümünün açılışına həsr olunmuş tədbir keçirilib. İdarənin rəisi Tahir Əliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışıb, bildirib ki, mədəniyyət və turizm nazirinin müvafiq əmrinə əsasən bu ildən etibarən 15 sentyabrda kino mövsümünə start veriləcək. Regional idarənin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında həftədə üç gün Azərbaycanda istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin nümayişi keçiriləcək. 
   Tədbirin sonunda “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi” sənədli filmi göstərilib.
   * * *
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də silsilə tədbirlər keçirilib. 
   İsmayıllıdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə idarənin rəisi Elnur Hüseynov çıxış edərək kino mövsümü ilə bağlı qərarın əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, nazirliyin müvafiq əmrinin icrası ilə bağlı regional idarənin mədəniyyət ocaqlarında da müntəzəm film nümayişi üçün şərait yaradılıb.
   * * *
   Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Ağdam rayon Quzanlı qəsəbə Mədəniyyət evində keçirilən tədbirdə idarənin rəisi Rza Quluyev, rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları çıxış ediblər. Çıxışlarda Azərbaycan kinosunun tarixindən və müasir inkişafından bəhs olunub. Sonra rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi (2015) nümayiş olunub.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində də kino mövsümünə start verilib. Bərdə rayon Mədəniyyət mərkəzində “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Əliyar Əliyev, Elman İsmayılov haqqında sənədli filmlər göstərilib. Bərdə şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi”, idarənin Yevlax şəhər nümayəndəliyinin təşkilatçılığı ilə “Cavad xan” filmi nümayiş olunub.
   Tərtər rayon nümayəndəliyi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş Tərtər batalyonu haqqında sənədli filmin (“Yaddaş” studiyası) nümayişini təşkil edib.
   * * *
   Şəkidə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində də kino mövsümünün açılışı münasibətilə tədbir keçirilib. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə çıxış ediblər.
   Şəki Dövlət Dram Teatrının rejissoru Mirbala Səlimli quruluş verdiyi “Qırmızı bağ” filmi haqqında danışıb. Sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “WeiT Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi göstərilib.
   İdarənin tabeliyindəki Zaqatala rayon Heydər Əliyev Mərkəzində kino mövsümünün açılışı ilə bağlı “Buta” bədii filmi nümayiş olunub. 
   Balakən rayon Heydər Əliyev Mərkəzində isə kinosevərlər “Qırmızı bag” filminə baxıblar.
   * * *
   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası Mədəniyyət mərkəzi ilə birlikdə kino mövsümünün başlanması ilə əlaqədar tədbir keçirib. Tədbirdə idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev çıxış edib. Sonda Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmi nümayiş etdirilib.
   * * *
   Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində də kino mövsümü başlanıb.
   İdarənin rəisi Əhməd Ramazanov Mədəniyyət və Turizm Nazirliyinin bununla bağlı müvafiq əmri barədə məlumat verib. Sonra "Heydər Əliyev - mədəniyyətin hamisi" sənədli filmi nümayiş olunub.