Özbəkistanda keçirilən yazı müsabiqəsinin qalibləri Bakıya gəliblər
Ölkəmizin Özbəkistandakı səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması ilə bağlı Tədbirlər planına uyğun olaraq keçirilib.
Ənənəvi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən “Mən Azərbaycan haqqında nə bilirəm” adlı yazı müsabiqəsi qaliblərinin respublikamıza səfəri təşkil olunur.
Özbəkistanda keçirilmiş müsabiqənin qalibi olmuş beş gənc də Azərbaycana gəlib. Sentyabrın 15-dən 22-dək davam edəcək səfər müddətində onlar Bakının görməli yerləri, “İçərişəhər”, “Atəşgah məbədi”, Qobustan qoruqlarını, Qala Etnoqrafiya Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və digər məkanları ziyarət edəcəklər.
Ölkəmizin turizm regionlarına səfər də proqrama daxil edilib. Özbəkistanlı gənclər İsmayıllı rayonu və qədim Lahıc kəndində, Qəbələ rayonu və Şəki şəhərlərində olacaq, tarixi və turizm məkanlarını gəzəcəklər.