Bu həftəsonu - 23-24 sentyabrda Azərbaycan Dövlət Musiqili Teatrında artıq bizim gen yaddaşımızda və sənət sevgimizdə özünə «yuva qurmuş» iki əsər nümayiş olunacaq. Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində sənət ocağında «Arşın mal alan» və «O olmasın, bu olsun» musiqili komediyaları oynanılacaq. 
   Sadəcə, budəfəki tamaşalar təkcə Üzeyir bəyin ruhuna ehtiram və onun ölməz əsərlərini bir daha festival iştirakçılarına və qonaqlara təqdim etmək niyyəti deyil. Hər iki səhnə əsərində festival iştirakçısı - İran İslam Respublikasından gəlmiş Berdiya Kiyares dirijorluq edəcək. 
   Çağdaş İran kinosu və teatrı barədə kifayət qədər məlumatlı olsaq da, musiqi xadimləri haqqında bilgimizin azlığını nəzərə alaraq, qonaq dirijorla tanışlıq fürsətini ötürmədik. 
   Berdiya Kiyares ifaçı, bəstəkar və dirijordur. 38 yaşı var. Hələ 4 yaşından musiqiçi atasının sənturunda çalmağı öyrənib, 12 yaşından isə skripkada ifa etməyə başlayıb. Musiqi təhsili aldıqdan sonra dirijorluğa həvəs göstərib. Avropada tanınmış dirijorlardan ustad dərsləri alıb. 2010-2012-ci illərdə İran Milli Orkestrində, 2015-2016-cı illərdə isə Tehran Simfonik Orkestrində dirijor kimi çalışıb. 2008-ci ildən dünyanın tanınmış orkestrləri ilə əməkdaşlıq edir. Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, Fransa, İspaniya və digər Avropa ölkələrində çıxış edib. İyirmidən çox filmə, bir neçə teatr tamaşasına musiqi yazıb. Seçilmiş əsərlərindən ibarət «Budən və nəbudən» (“Olmaq və olmamaq”, “To be and not to be») albomu işıq üzü görüb.
   ...Qonağımızla teatrda onun «O olmasın, bu olsun» tamaşasının aktyorları ilə vokal məşqindən əvvəl görüşdük. Noutbukda tamaşanın videoyazısına diqqətlə baxır, qarşısındakı not vərəqlərinin küncünə öz qeydlərini edirdi. Maestro Azərbaycan musiqisinə bələdliyi barədə fikirlərini söyləməklə söhbətə başladı: 
   - Mən milliyyətcə farsam. Azərbaycan dilini də bilmirəm. Amma atam uzun illər İranın Azərbaycan vilayətlərində çalışıb. O, azərbaycanca bilirdi və hətta Azərbaycan poeziyasına aşiq olmuşdu. Çox sonralar da atam evdə bizə Azərbaycan dilində şeir söyləyər, mahnı oxuyardı. Hətta bəzi şeirləri söyləyəndə o qədər təsirlənərdi ki, gözləri yaşarardı. Onun Azərbaycan poeziyası və musiqisinə sevdası bizə də təsir etmişdi. 14 yaşım olanda «Küçələrə su səpmişəm» xalq mahnısına öz anladığım kimi yenidən musiqi yazdım, özüm də həmin melodiyanı skripkada ifa etdim. Bu mahnım hətta televiziya və radio ilə efirə də verilmişdi. Məndən musiqi barədə nəsə soruşanda deyirəm ki, musiqi sərhəd tanımır. Buna görə də qonşu xalqların milli musiqisində oxşarlığın, yaxınlığın olması təbiidir. 
   - İndiyədək Azərbaycan musiqisinə peşəkar səviyyəsində müraciət etmisinizmi? 
   - Yox... Amma sizin simfonik musiqinizə, bəstəkar musiqisinə də bələdəm. Araşdırıb öyrənmişəm. 
   - Ötən şənbə günü teatr mövsümünün açılışında «Ər və arvad» tamaşasına baxdınız. Yəqin ki, sizdə artıq bu teatrın truppası, orkestri barədə müəyyən fikir formalaşıb.
   - «Ər və arvad» tamaşasına Tehranda Azərbaycan mədəniyyəti günlərində də baxmışdım, burda da seyr etdim. Və bəyəndim. Düzdür, indiyədək mən bu cür tamaşalara dirijorluq etməmişəm. Lakin Bakıdan belə bir təklif alarkən çox sevindim. Partitura ilə tanışam. Aktyorlarla da, orkestrlə də tanış olmuşam. Təklif və tələblərimi bildirmişəm. Ümidvaram ki, bir-birimizi başa düşmüşük və onlar mənim tamaşaların musiqisini necə duyduğumu və çatdırmaq istədiyimi anlayıblar. Qarşıdakı günlərdə də intensiv məşq edəcəyik. Arada boş vaxt tapan kimi Bakını gəzirəm. Mən Avropanı dolaşmış adamam, amma Bakı qədər gözəl şəhər görməmişəm.
   
   ...Berdiya Kiyaresin gərgin məşq rejimində bizə ayırdığı vaxt başa çatır. «O olmasın, bu olsun» tamaşasında məşğul olan aktyorlar da artıq «vokal otağı»na yığışmaqdadırlar. Konsertmeyster Fidan da royal arxasındadır. Maestro əvvəlcə Sərvər rolunu oynayan aktyoru - Səmədzadə Xasıyevi royalın qarşısına dəvət edir. Gənc aktyor oxumağa başlayır. 
   
   Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
   Zülali-zövq şövqün təşneyi-didar olandan sor.
   
   beyti ilə başlayan ariya bitənədək dirijor onun oxumağına müdaxilə etmir. Ariya bitəndə isə fikrini tərcüməçi vasitəsilə çatdıranadək sağ əlinin baş barmağını qaldırmaqla bəyəndiyini bildirir. Tərcüməçi Yunis də maestronun dediklərini Azərbaycancaya çevirərək söyləyir ki, ilk məşqdə intonasiya ilə bağlı iradların nəzərə alınması onun xoşuna gəlib. Məşq növbəsi Məşədi İbada (Şövqi Hüseynov), Məşədi İbadla Rüstəm bəyin (Ələkbər Əliyev) duetinə, Gülnaz (Aydan Həsənova), Sənəm (Afaq Bəşirqızı) və Məşədi İbadın məşhur deyişməsinə çatır. 
   
   ...Biz isə hiss edirik ki, artıq yaradıcılıq prosesinə mane olmağa başlamışıq. Bundan sonrasını məşq otağında deyil, salondan izləmək məsləhətdir. Berdiya Kiyaresin idarəçiliyi ilə Üzeyir bəyin ölməz musiqili komediyaları bu şənbə-bazar Musiqili Teatrda oynanılacaq. Təbii ki, yeni bir dirijorun idarə etdiyi orkestrin səslənişində yenilik də olacaq. Bu fürsəti qaçırmayın. Siz də dəvətlisiniz. 
   
   Gülcahan Mirməmməd