Qax Dövlət Kukla Teatrı sentyabrın 20-də 46-cı teatr mövsümünün açılışını edib.
   Kollektiv balacaları Osman Abdullayevin “Babamın nəsihəti” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə sevindirib. 
   Əvvəlcə teatrın direktoru Nazim Mahmudov çıxış edərək, sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verib. Bildirilib ki, 1971-ci ildə rayon mədəniyyət evinin nəzdində dərnək kimi fəaliyyətə başlayan teatra 1976-cı ildə xalq kukla teatrı, 1992-ci ildə isə dövlət kukla teatrı statusu verilib. Ötən müddət ərzində teatr Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edib. 
   Mövsümün açılış günündə təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayevdir. Tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Nuru Mustafayev, Afət Yaqubova və başqaları ifa ediblər.
   Teatrda Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında daha bir tamaşa səhnələşdirilir. Tamaşa sentyabrın sonunda təqdim olunacaq. Teatrın 2017-ci il üçün repertuar planına, həmçinin Rəhman Əlizadənin “Keçəlin toyu” əsəri də daxil edilib.