XXI əsrdə, sivilizasiyanın inkişaf etdiyi dövrdə yaşamağımıza baxmayaraq “Bəzi peşələr qadınlar üçün deyil” deyimi hələ də aktualdır. Qadın-təyyarəçi, qadın-siyasətçi, qadın-hərbçi və s. gördükdə bu deyimə qarşı çıxanlara haqq qazandırırıq. Çətin peşələrdən biri də rejissorluqdur. Düzdür, kino yaranandan bu günə qədər rejissor qadınların sayı kişilərə nisbətən azdır. Lakin dünya kino sənətində iz qoyan qadın rejissorlar da kifayət qədərdir. Onlardan bəzilərini təqdim edirik.
Leni Rifenştal
1902-ci ildə Berlində anadan olub. İlk qadın rejissorlardan hesab edilir. 1931-ci ildə şəxsi kinostudiyasını açıb, ssenarist, rejissor və prodüser kimi fəaliyyət göstərib. 1932-ci il Berlin kinofestivalında qızıl medala layiq görülmüş “Mavi işıq” (“Das blaue Licht”) filmi ilk rejissor işi idi. Sonra Hitler onu nasist partiyası üçün filmlərin istehsalına rəhbər təyin edib. “Əzmkarlığın zəfəri” (“Triumph des Willens”) adlı məşhur sənədli təbliğat filmini çəkib. “Olimpiya” (“Olympia”), “Xalqların bayramı” (“Fest der Völker”), “Vadi” (“Tiefland”) və s. filmlərin müəllifidir.
Ketrin Biqelou
Rəssamlıq karyerasından sonra kinoya gəlib. ABŞ-ın Kolumbiya Universitetinin “kino” proqramının məzunu olub. Orada kino nəzəriyyəsi ilə bağlı Vito Akkonçi və Syuzen Zontaq kimi professorlardan təhsil alıb. “Sınma nöqtəsi” (“Point Break”), “K-19”, “Ağrı çuvalı” (The Hurt Locker) və s. filmlərinin müəllifidir. “Ağrı çuvalı” filmi 2009-cu ildə 6 “Oskar” və 6 “BAFTA” mükafatına layiq görülüb. Film İraqda amerikalı əsgərlərinin həyata keçirdiyi əməliyyatdan bəhs edir. Qeyd edək ki, Ketrin Biqelou Amerika kino tarixində “ən yaxşı rejissor işi”nə görə “Oskar” mükafatı alan ilk qadın rejissordur.
Culi Teymor
“Kral -Şir”(1997) müziklindən sonra rejissor kimi uğur qazanıb. Bu işə görə iki “Toni” mükafatına - rejissor işi və kostyum dizaynına görə - layiq görülüb. “Toni” mükafatı alan ilk qadın müzikl rejissoru kimi tarixə düşüb.
1999-cu ildə “Titus” (Şekspirin “Tit Andronik” faciəsi əsasında), 2002-ci ildə isə rəssam Frida Kalonun həyatına həsr olunmuş “Frida” filmini çəkir. Film 6 kateqoriya üzrə “Oskar”a namizəd idi və onlardan ikisini (ən yaxşı qrim və orijinal saundtrek) alır.
“Bəşəriyyətdən” film-müzikli “əfsanəvi Bitlz” qrupunun ifa etdiyi musiqilərdən bəhs edir. Film “Oskar” və “Qızıl Qlobus” mükafatına namizəd olub. Hər il “Elle” jurnalının keçirdiyi “Hollivudda qadınlar” mərasimində Culi Teymor bu filmə görə mükafat alıb.
Sofiya Koppola
1971-ci ildə Nyu-Yorkda anadan olub. Məşhur rejissor Frensis Ford Koppolanın qızıdır. Hələ uşaq ikən atasının filmlərində çəkilirdi. Sofiyanın ən uğurlu rolu “Xaç atası” (1990) filminin 3-cü hissəsindəki Meri Korleone rolu olub.
Bu gün isə Sofiya Koppola rejissor kimi məşhurdur. Beş film çəkib: “Ulduzu keçmək” (1996), “İntihar edən bakirələr” (1999), “Tərcümənin çətinliyi” (2003), “Mariya-Antuanetta” və “Hardasa” (2010) filmləri. “Tərcümənin çətinliyi” (ssenari və rejissor Sofiya Koppola) orijinal ssenariyə görə “Oskar” mükafatına və üç “Qızıl qlobus”a layiq görülüb.
Ceyn Kampion
1954-cü ildə Yeni Zelandiyada anadan olub. Kann kinofestivalında “Qızıl palma budağı” (“Piano” filmi, 1993), “Oskar” (1994, “Piano” filmi) və Venesiya festivalında “Kiçik qızıl şir” (“Masamdakı mələk”, 1990) mükafatlarının laureatıdır. Dəlisovluq, ikimənalılıq və sərhədsiz istək Ceyn Kampionun filmlərində üstünlük təşkil edir. Onun filmləri tənqidçilər arasında da birmənalı qarşılanmır.
Mira Nair
1957-ci il Hindistanda anadan olub. 1976-cı ildə ABŞ-a gələrək Harvard Universitetinin sosiologiya fakültəsində təhsil alıb. İlk filmlərini də ABŞ-da çəkib. Debüt işi “Salam, Bombey” (1988) filmi ona böyük uğur gətirir. Kann kinofestivalında tamaşaçı simpatiyası, Venesiya kinofestivalının mükafatı, Monreal kinofestivalından 3 mükafat və s. layiq görülür. Həmçinin film “Oskar” mükafatına da namizəd olub. “Peres ailəsi” (1995), “Yağış fəslində toy” (2001, “Qızıl şir” mükafatı), “Səkkiz” (2008), “Ameliya” (2009) və s. filmlərin müəllifidir.
Samirə Maxmalbaf
1980-ci ildə Tehranda anadan olub. İranlı kinorejissor və ssenarist Möhsün Maxmalbafın qızıdır. Kann kinofestivalı mükafatı laureatıdır. 7 yaşında atasının çəkdiyi “Velosipedçi” filmində rol alıb. 14 yaşında kinostudiyada təhsil almaq üçün məktəbi atıb. 18 yaşında “Alma” filmi ilə Kann kinofestivalında iştirak edən ən gənc kinorejissor idi. İki il ərzində həmin film dünyanın 30 ölkəsində 100-dən çox kinofestivalda iştirak edib.
1999-cu ildə Samirə ikinci filmini - “Məktəb lövhələri”ni çəkir və 2000-ci ildə Kann kinofestivalında “Jüri” mükafatına layıq görülür. “11 sentyabr” (2002), “Axşam saat 5” (2003), “İkiayaqlı at” (2008) filmlərinin rejissorudur.
Nora Efron
1941-ci ildə Nyu-Yorkda anadan olub. “Adam"s Rib” (1973) televiziya serialında ssenarist kimi debüt edib. 1983-cü ildə bəxti onun üzünə gülür. Maykl Nikolasın bioqrafik dramına Elis Arlenlə birgə yazdığı ssenari “Oskar” mükafatına nominasiyada çıxış edir. İlk rejissor işi “Bu mənim həyatımdır” (1992) olub. Filmin həm də ssenaristi və prodüseri idi. Rejissor kimi çəkdiyi ikinci film - “Sietldə yatmayanlar” (1993) də “Oskar”a namizəd olub. Sonra bir sıra uğurlu filmlər çəkdi: “Maykl”(1996), “Sizə məktub var”(1998), “Cadugər” (2005), “Xoşbəxt rəqəmlər”, “Culi və Culiya” (2009) və s.
Nensi Mayers
1949-cu ildə anadan olub. İlk məşhurluğu televiziyada qazanıb. Rejissor debütü ona böyük uğur gətirdi: “Valideynlər üçün tələ” (1998). 2001-ci ildə prokatlarda səs salan “Qadınlar nə istəyir” filmi (Mel Gibson və Helen Hantın ifası) Nensiyə növbəti uğuru gətirdi. Film 2001-ci ildə “Qızıl ekran” (Almaniya) mükafatına layiq görüldü. “Qaydalar və qaydalarsız sevgi” (2003) və “Mübadiləli məzuniyyət” (2006) filmlərində rejissor, ssenarist və prodüser kimi çıxış edib.
Dünyanın məşhur qadın rejissorları sırasında Ketrin Hardvik, Lone Şerfiq, Ann Fonten, Qurinder Çadxa, Andrea Arnold, Kimberli Pirs, Kolin Serro və digərlərinin adını çəkmək olar. Arzu edək ki, nə vaxtsa bu siyahıya azərbaycanlı xanım rejissorlar da düşsün...
Hazırladı: Reyhan İsayeva