Sentyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. 
   Ölkəmizdə gənclərin cəmiyyətdə rolunu artırmaq, gəncliyin bilik və bacarıqlarının üzə çıxarılması bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırır. Yeni Dövlət proqramının da məqsədi bu sahədə işləri davam etdirmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləmək, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. 
   Proqramda mədəniyyət, tarixi-mədəni irs, incəsənət və yaradıcılıqla bağlı fəaliyyət də əksini tapıb. Sənədin müvafiq bəndlərində istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması, gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzləri) fəaliyyətinin inkişaf etdirilməsi, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi kimi məsələlər yer alıb.
   Dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər planında 2017-2021-ci illərdə bu sahədə konkret istiqamət və layihələr sadalanır. Bu sırada Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi; milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədilə diyarşünaslığın inkişaf etdirilməsi; gənc istedadların beynəlxalq səviyyəli festival, müsabiqə, yarış və yay məktəblərində iştirakının dəstəklənməsi; mədəniyyət və incəsənət (rəssamlıq, musiqi, rəqs, kino, ədəbiyyat, foto, memarlıq, teatr və s.) sahəsində gənc istedadlar üçün festival, müsabiqə, yay məktəbi, ustad dərsləri, yaradıcılıq axşamları, konsert proqramları və digər tədbirlərin təşkili qeyd olunur. Həmçinin teatr tamaşası, bədii, sənədli və animasiya filmlərinin hazırlanması üçün yaradıcı və istedadlı gənclərə dövlət sifarişlərinin verilməsi; gənc rejissor, rəssam, heykəltəraş və fotoqrafların əsərlərindən ibarət yerli və beynəlxalq sərgi və kino nümayişlərinin təşkili, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında festivalların və müsabiqələrin keçirilməsi də Tədbirlər planında əks olunub.
   
   Lalə Azəri