Tanınmış gürcü aktyoru Mamuka Kikaleyşvili qısa ömür sürsə də, kinoda yaratdığı maraqlı obrazlarla çoxsaylı tamaşaçıların yaddaşında özünə əbədi yer tapıb. O, 1960-cı il avqustun 10-da Tbilisidə anadan olub. Valideynləri tanınmış sənətkarlar (anası Gürcüstanın Xalq artisti Leyla Dzuqraşvili Ş.Rustaveli adına teatrın aktrisası, atası Andro Kikaleyşvili isə həmin teatrın rəhbəri idi) olan Mamuka uşaq vaxtdan incəsənətlə yaxından maraqlanırdı.
   Mamuka 1981-ci ildə Tbilisi İncəsənət İnstitutunu bitirib K.Marcanaşvili adına Gürcüstan Akademik Dram Teatrının truppasına aktyor qəbul edilir. Lakin burada sənət karyerası istədiyi kimi alınmır, iki il sonra aktyor teatrı tərk edir və “Gürcüstanfilm” kinostudiyasına işə düzəlir. Fantastik komediya janrında çəkilmiş “Təcrübəlı təyyarəçinin hekayəti”, “Kişilər və digər yerdə qalanlar” komediyasında və digər filmlərdə müxtəlif obrazlar yaradır.
   Mamuka Kikaleyşvili çoxprofilli aktyor olub, həm dramatik, həm də komediya rollarını eyni ustalıqla oynayıb. Kinorejissor Vaqif Mustafayevin 1988-ci ildə çəkdiyi “Yaramaz” filmi Mamuka Kikaleyşviliyə böyük şöhrət gətirir. Aktyor filmdə qısa bir vaxtda fəhləlikdən zərgərlik zavodunun direktoru vəzifəsinə yüksələn, bu yüksəliş müqabilində insanlıq keyfiyyətlərini itirən Hətəm obrazını böyük ustalıqla yaradıb. Kikaleyşvili bu rola görə Bolqarıstanda keçirilən beynəlxalq kinofestivalın mükafatına layiq görülüb. Bundan sonra rejissor Reza Çxeidzenin çəkdiyi “Don Kixot və Sançonun həyatı” filmindəki Sanço rolu da ona uğur qazandırır.
   1990-cı ildə aktyor şəxsi studiyasını yaradır və özünü rejissor kimi sınayır. İlk ekran əsəri olan “Yıxılmış mələk” filmində baş rolu özü ifa edir. Sonrakı illərdə o, Moskvaya köçür. Burada bir neçə film (“Pasport”, “Deribasov küçəsində hava yaxşıdır”) və serialda müxtəlif rollar oynayır.
   O özünün teleşou proqramını yaratmaq istəyirdi. Proqramda hər şey, gülüş və göz yaşı, sevinc və kədər də olmalı idi. Ancaq qəfil ölüm ona bu arzusunu həyata keçirməyə imkan vermədi. Aktyor 2000-ci il mayın 3-də ürək tutmasından vəfat etdi.

   Çingiz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar