Bu dünyaya xitabəti də, bu dünya barədə həmsöhbəti də DAĞ olmuş zirvəkar baba... 
   
   XX əsr şeirimizin bənzərsiz möhtəşəmi, bütöv Azərbaycan və İran ədəbiyyatlarının fəxri, adı hələ sağlığında klassiklər sırasında çəkilmiş, ümumbəşər düşüncəsinin ortaq aynası olan bədii ƏDƏBİYYATı - daha çox bakirə bənzətmə, ifadə və obraz möcüzələrilə zənginləşdirmiş, “Heydərbabaya salam” adlı etnoqrafik-toponomik-folklorik fəlsəfəsilə bu dünyanın indiyəqədərindən bütün gələcəyini salamlamış Məhəmmədhüseyn Şəhriyar...   
   Orta təhsilini 15 yaşında (1922) başa vuran, Tehran Tibb İnstitutunda oxuyarkən yüksək çinli (İran şahına simsar) bir məmurun qızını sevdiyi üçün sürgün edilib, həm də doğma-yaxın ayrılıqları nisgilinə qərq olan, uzun illər (ta şah rejimi devrilənədək) doğma diyarı Qaraçəmənə, Təbrizinə buraxılmadığından, başda o tay-bu tay paytaxtları olmaqla, qəlbindəki Bütöv Azərbaycan arzu-ilhamı və “Deynə mənim şair oğlum Şəhriyar - Bir ömürdür qəm üstünə qəm qalar” ağrıları ilə yaşayan Şəhriyar... 
   Anasının “...sənin nə yazdıqlarını başa düşə bilmirəm, mənim anlamadığım dildədi” sözlərindən sonra yaratdığı “Heydərbabaya salam”ında öz uşaqlığı ilə, yaşca və şöhrətcə (hələ “Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi” imzalı) vaxtlarında əhatə olunduğu təbiət, insanlar, daha sonralar xalq və ən nəhayət, bütün dünya ilə söhbət edən Şəhriyar... 
   Bir vaxt butaylı həmkarlarına “Eşq əhlisiz - məni yaxşı qanarsız, Gözlər yağış yağdırmasa, yanarsız” yazmış və (M.P.Vaqifin yubiley törəninə gəlməsi qəsdən əngəllənməsi səbəbilə) onlardan birinə - Məmməd Araza: “Güllər güllüklərdə dərili qaldı, Xalçalar yollara sərili qaldı, - Şəhriyar gəlmədi” yazdırmış Şəhriyar...
   Məhəbbət lirikası və Vətənpərvərnaməlik korifeylərindən olan, klassik şeirin bütün şəkillərində yazdığı şeirlərilə dünyanı dərk fəlsəfəsinin poetik filosofu səviyyəsinə yüksələn Şəhriyar... 
   Hələ sağlığında əfsanələşib-rəvayətləşən, ölüm tarixçəsi (!.. doğum tarixçəsi dəqiq bilinmir və bunun özü də bir Şəhriyaranəlik...) bütün İranda “Milli Şeir Günü” kimi qeyd edilən Şəhriyar...
   Və bütün bunlardan sonra “...Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən, Məndən aşağı kimsə yox, ondan da yuxarı” təvazösündə olmuş, dünyalarca məşhurlaşdırdığı adi bir dağa “Salam olsun şövkətüzə, elüzə, Mənim də bir adım gəlsin dilüzə” kimi qılıq-iltimasda bulunmuş Şəhriyar...
   
   Bu Ad -
   
   dilimizə nəinki gəlir, hətta, ulu Təbrizin Bağmeşə bölgəsində - Qaraçəmən elinin Xoşginab kəndində (sonralar “Mənim atam süfrəli bir kişiydi, El əlindən tutmaq onun işiydi, Gözəllərin axıra qalmişiydi” - deyə öyəcəyin gözəl hüquqşünas Mirağa Xoşginabinin sadə ailəsində) qoyulub, ilk gəncliyində sevdiyin bir qızdan yana sürgün edildiyin günlərdən hər saat, hər gün səslənib-şöhrətlənməyə başlayandan bəri dillərdən, “Heydərbabaya salam”dan sonra isə qəlblərdən düşmür, Şəhriyar baba!.. 
   
   Səndən ayrı düşsəm də mən, 
   eşqin ilə yaşayıram,
   Yaralanmış qəlbim kimi, 
   qəlbi viran Azərbaycan...
   Vətən eşqi məktəbində 
   can verməyi öyrənmişik,
   Ustadımız deyib heçdir -
   vətənsiz can, Azərbaycan!
   Şəhriyarın ürəyi də 
   səninkitək yaralıdır,
   Azadlıqdır mənə məlhəm, 
   sənə dərman Azərbaycan!
   Nə vaxtadək qolu bağlı
   Qalacaqsan,
   Dur ayağa, ya azad ol, 
   ya tamam yan, Azərbaycan!..
   
   Bu misralarına yönəli “qəlblərdə möhtəşəm bir ordu yaradan poetik general” bənzətməmlə kifayətlənib, bu qurdürəkli şairin bir vaxtlar həmkarı Hökumə Bülluri ilə söhbətindən bir parçanı təqdim edirəm:
   “Mən illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda yerləşib. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla burda yaşayıram. Qazancım vaxtilə işlədiyim, Fəxri ustad adı aldığım yerdəndir. 16 aydır ki, maaşımın bir az artırılması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul yoxdur. Bilmirəm “qənaət falı” niyə elə şairin bəxtinə düşmüşdür?.. 
   İyirmi iki il bundan əvvəl aldığım paltarı hələ də təzələməmişəm... 
   Pul mənim üçün bəlkə də əl çirkidir. Lakin mənə bağlı başqalarıyçün ki, belə deyil! Bu məsələlər mənim daxili rahatlığımı pozur. Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma (söhbət 1953-cü ildə ailə qurduğu əmisi qızı Əzizə xanımdan doğulan bir oğul, iki qızdan gedir) aşılaya bilmirəm...” 
   Başqa (daha doğrusu, poetik) sözlə:
   
   “Tehranın qeyrəti yox -
   Şəhriyarı saxlamağa, 
   Qaçmışam Təbrizə -
   qoy yaxşı-yaman bəllənsin”... 
   
   Böyük sevgilər bəslədiyimiz bu şairin ruhi həzin-hüznlük saçan bu nəsri və nəzmi sözlərindən sonra -
   
   Təbəssüm...
   
   Bəli, bu dağdan ağır, qaş-qabaq qərəmətdi kişi hərdən, həm də poetik-yumoristik (bəlkə də özü buna “mollanəsrəddinvarilik” deyərdi) edib:
    
   Belə bir dövrədə Hafiz doğulur?
   Bir ümid varsa, qalıb məncığaza... 
   
   Yaxud:
   
   ...Bizə bir din qala bilmişdi miras, 
   bir də İran,
   Din gedəndə dedi: “tək getmərəm”, 
   İran ilə getdi.
   ...Hava insanı boğur -
   baş-başa “qaz, karbonik” olmuş
   Yel də əsmir -
   elə bil yel də Süleyman ilə getdi.
   ...Türki olmuş qədəğən, 
   divanımızdan da xəbər yox -
   Şəhriyarın dili də 
   “vay” deyə divan ilə getdi...
   
   Və (məşhur “Qorxum budur oyun ola, Millət yenə qoyun ola” kimi misraları “silsilə”sindən) şimal şairi Süleyman Rüstəmə yazdığı “ağeləmək” ağılı bir “ağlar-güləyən”lik:
   
   İtimiz qurd olalı -
   biz də qayıtdıq qoyun olduq,
   Bir də baxdıq it ilə qurd arasında -
   oyun olduq,
   İt ilə qol-boyun olduq...
   
   İlk baxış-düşünüşdə “aydın ana dilində yazıb-yaratmış şairlər haqda danışmaqdan, yazmaqdan asan nə var ki” sualının ömrü buna gərəyincə cavab veriləsi ana qədərdir. Görünür, onların öz yazdıqları öz barələrində yazılanlardan daha gözəl, daha maraqlı olduğuna görə.
   
   Məsələn;
   
   Heydərbaba, yolum səndən kəc oldu,
   Ömrüm keçdi, gələmmədim, gec oldu,
   Heç bilmədim gözəllərin necoldu...
   
   ...Uşaqların bir dəstə gül bağlasın
   Yel gələndə ver gətirsin bu yana
   Bəlkə mənim yatmış bəxtim oyana.
   
   Bir uçaydım bu çırpınan yelinən,
   Bağlaşaydım dağdan axan selinən,
   Ağlaşaydım uzaq düşən elinən,
   Bir görəydim ayrılığı kim saldı?
   Ölkəmizdə kim qırıldı, kim qaldı?
   
   Heydərbaba, göylər bütün dumandı,
   Günlərimiz bir-birindən yamandı,
   Bir-birizdən ayrılmayın, amandı...
   
   Əlbəttə, bunlar şairin Azərbaycan türkcəsində yazdığı (1952-53) ilk əsərindən - Türk-Turan arealında bütöv bir Vətən dastanı kimi dillərdən düşməyən, milli ədəbiyyat və mədəniyyət fədakarlarının səyilə 1954-də Təbrizdə nəşr olunandan sonra dünya ədəbiyyatının nadir əsərləri səviyyə-sırasında dəyərləndirilən “Heydərbabaya salam”dandır. Bu əsərin Təbriz nəşrindən bir neçə ay keçər-keçməz, Türkiyəyə səs salır, “Azərbaycan” dərgisində dərc olunur və buna ilk fundamental, ictimai-mətbu rəy bildirənlərdən ilki elə həmin dərgidə “Ədəbi bir hadisə” adlı məqaləsilə M.Ə.Rəsulzadə olur. Neçə illərdir oxucular tərəfindən milli-irfani şərbət kimi içildiyi Azərbaycanda isə 1966-cı ildə nəşr olunur... 
   Hansı ki, ondan cəmisi 24 il sonra - 1990-cı ildə hər iki tərəfdən qohum-qardaşın sərhəd xəttini dəstə-dəstə yarıb bir-birilə görüşmə əzmində həmin bu əsərin (və “Aman ayrılığ”ın) təsir əsəri hər hansı diplomatik və ya hərbi qüvvədən az olmadı... 
   
   Bilməz idim döngələr var, dönüm var,
   İtkinlik var, ayrılıq var, ölüm var...
   
   Millətinin vurğunlarından biri (Rövşənzəmir) yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan olub, yer üzərindən silinə bilər. Lakin “Heydərbabaya salam” abidəsinin hər oxunuşunda o yenidən bərpa olunacaqdır!” 
   Bu fikri doğruldan cəhətlərdən biri də budur ki, milli mədəniyyət zəhmətkeşi kimi tanınan Mirzə Tahir Xoşnevisin qələmə aldığı izahları Şəhriyar öz dili ilə vermişdir. 
   Hər ilin 18 sentyabrında İranda qeyd olunan “Milli Şeir Günü”ndə işlənmiş sözlərdən biri: “Ulu Şəhriyarın ədəbi aləmə yadigar qoyub getdiyi poetik xəzinənin dərinliyi dəryalar, eni-uzunu okeanlar qədər...”
   Vəsiyyətinə görə Təbrizin “Şairlər məqbərəsi”ndə dəfn olunmuş bu şair elə məsələ-mətləblərdən yazırdı ki, onlara ölüm heç olmaz. Məsələn;
   
   Türkün dilitək sevgili, 
   istəkli dil olmaz,
   Ayrı dilə qatsan -
   bu əsl dil əsil olmaz.
   Bişmiş kimi şeirin də gərək 
   dad-duzu olsun
   Kənd əhli bilirlər ki, 
   doşabsız xəşil olmaz...
   
   1976-cı ildə Tehran qəzetlərinin birinə verdiyi müsahibədə isə ictimai-sosial bir “xəşillik”; şahlıq rejimi devrildikdən sonra hökumət orqanları Şəhriyarın güzəranını yaxşılaşdırmaq üçün tədbirlər görməyi, abad mənzil, müvafiq təqaüd təyin etmək qərarı versə də, gec idi. Elə gənclik çağlarından həyatı maddi məhrumiyyətlər içərisində keçən, sürgün illərində çəkdiyi ağır fiziki və mənəvi əzablar üzündən dəfələrlə xəstəliklər keçirən şair ağciyər iltihabı və ürək çatışmazlığından vəfat edir. Həmin gün Təbrizdə bütün dükan-bazar bağlanır, dəfn mərasimi ümumxalq matəminə çevrilir...
   Nəysə, ey ulu və əbədi olu Şəhriyar baba, doğrudan a; “...dünya yalan dünyadı, Süleymandan, Nuhdan qalan dünyadı, Oğul doğan, dərdə salan dünyadı...”
   
   Tahir Abbaslı