Türkdilli xalqların tarix və mədəniyyətinin öyrənilməsində görkəmli başqırd alimi, pedaqoq, professor Əhməd Zəki Vəlidi Toğanın mühüm xidmətləri var. Onun araşdırmalarının bir hissəsi Azərbaycan tarixini də əhatə edir.
Əhməd Zəki Vəlidi Toğan 10 dekabr 1890-cı ildə Başqırdıstanın Sterlitamak mahalının Küzən kəndində anadan olub. Mədrəsədə təhsil alıb, ərəb və fars dillərini öyrənib. Sonra ali təhsil almaq məqsədilə Kazan şəhərinə gedir. Orada tanınmış şərqşünaslar M.Aşmarin və N.Katanovla tanış olur. Onların məsləhətilə türk xalqının tarixi ilə bağlı elmi araşdırmalar aparır. “Türk və tatar tarixi” əsəri 1912-ci ildə Kazanda nəşr olunur. Bu əsərə görə Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilir.
1913-cü ildə Kazan Universiteti, 1914-cü ildə isə Rusiya Elmlər Akademiyası tərəfindən Özbəkistanın Fərqanə və Buxara bölgələrinə elmi ezamiyyətə göndərilir. Topladığı materiallar əsasında elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirir. O, daha sonra “Manas” dastanını, görkəmli ərəb tarixçisi İbn Haldunun həyat və yaradıcılığını araşdırır.
Türk xalqlarının keçmişi ilə bağlı məlumatlar onun həyata baxışlarını tamamilə dəyişir, siyasi fəallığını artırır. 1917-ci ildə yaranan Başqırd milli hökumətinin daxili işlər naziri təyin olunur. Bolşeviklərlə mübarizədə kəskin mövqe nümayiş etdirir. Milli hökumət süqut etdikdən sonra azadlıq mübarizəsini üç il Türküstanda davam etdirir. Lakin bolşeviklər bu diyarı da zəbt edir...
Əhməd Zəki Vəlidi 1923-cü ildə Avropaya üz tutur, bir müddət Parisdə və Berlində yaşayır. 1925-ci ildə Türkiyənin maarif naziri, doktor Rza Nur Berlində səfərdə olduğu zamanda onunla görüşür. Türkiyəli nazir onu ölkəsinə dəvət edir. Zəki Vəlidi həmin il Ankaraya gəlir, araşdırmalarını burada davam etdirir. Türküstanda bolşeviklərə qarşı mübarizə illərində topladığı qiymətli əlyazmalar karına gəlir. Həmin əlyazmalar üzərində apardığı araşdırmalar sonralar Avropada və Türkiyədə yazıb nəşr etdirdiyi kitab və məqalələrin əsasını təşkil edir.
1932-ci ildə Ankarada keçirilən Türk Tarix Qurumunun I qurultayında ictimai-siyasi baxışlarına və universitet təhsili olmadığına görə tənqid olunur. Ali təhsillə bağlı haqlı tənqidlərə cavab olaraq 1932-ci ildə İstanbul Universitetində tutduğu vəzifədən istefa verərək Avstriyaya gedir. Vyana Universitetində təhsilini tamamlayır və 1935-ci ildə “İbn Fədlanın səyahətnaməsi” mövzusunda dissertasiya işini müdafiə edir. Bonn və Qettinqen universitetlərində “Orta Asiya tarixi və islamiyyət” mövzusunda mühazirələr oxuyur. 1939-cu ildə onun “İbn Fədlanın səyahətnaməsi” əsəri Leypsiqdə alman dilində nəşr edilir. “Əl-Biruni” əsəri isə ingilislər tərəfindən nəşrə hazırlanır. Bu dövrdə o, türk və alman dillərində elmi jurnallarda məqalələr çap etdirir. Özünü bir alim kimi təsdiq edərək 1939-cu ildə Türkiyəyə qayıdır, İstanbul Universitetinin Ədəbiyyat fakültəsində professor kimi işə başlayır. Bu illərdə onun Əlişir Nəvai haqqında əsəri, “Türk metodologiyası”, “Ümumtürk tarixinə giriş”, “Bugünkü Türküstan və yaxın keçmişi”, “Tarixdə üsul” kitabları işıq üzü görür. 1953-cü ildə özünün təşəbbüsü ilə yaradılan İslam Tədqiqi İnstitutuna müdir təyin olunur.
1951-ci ildə İstanbulda keçirilən XXII Şərqşünaslar konqresinin təşkilatçılarından biri də Zəki Vəlidi olub. Sonrakı illərdə o, dünyanın bir çox ali təhsil müəssisələrində və elmi mərkəzlərində mühazirələr oxuyub və elmi toplantılarda yaxından iştirak edib. 1960-1970-ci illərdə “Xatirələr”, “Türkün müqəddəratı”, “Quran və türklər” və “Oğuz dastanı” əsərləri nəşr edilib.
Azərbaycana, onun tarix və mədəniyyətinə bağlı olan alim “Ümumtürk tarixinə giriş” əsərində tariximizin qədim və orta əsrlər dövrünə geniş yer verib. Onun ölkəmizə aid əsərlərindən biri də Türkiyədə nəşr olunan “İslam ensiklopediyası”nda dərc etdirdiyi “Azərbaycan” məqaləsidir. Araşdırmada Azərbaycan tarixinin mükəmməl icmalını özündə əks etdirən əsərlərin biblioqrafiyası yer alıb. 1969-cu ildə İstanbulda nəşr olunan “Xatirələr” kitabında isə ünsiyyət saxladığı Azərbaycan türkləri haqqında da maraqlı məlumatlar öz əksini tapıb.
Əhməd Zəki Vəlidi Toğan 1970-ci ildə İstanbulda vəfat edib. Ölümündən sonra alimin özü və əsərləri haqda dünyanın bir çox ölkələrində maraqlı araşdırmalar aparılsa da, uzun müddət vətəni Başqırdıstan da daxil olmaqla, keçmiş SSRİ-də nəinki əsərlərinin tədqiqi, hətta adının çəkilməsi belə qadağan edilib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən 2010-cu il “Əhməd Zəki Vəlidi Toğan ili” elan olunub. Alimin 120 illik yubileyi Bakıda da qeyd edilib. Rusiyanın Sankt-Peterburq şəhərində büstü qoyulub.
Savalan Fərəcov