Sentyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illik yubileyinə həsr olunan tədbir keçirildi. Yubiley tədbiri Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuşdu.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mərasimi açaraq yubileylə bağlı nəzərdə tutulan tədbirlərdən danışdı. Bildirdi ki, yaxın günlərdə muzeyin yeni zal və guşələri ziyarətçilərin ixtiyarına veriləcək: “Muzeyin 50 illiyi ilə əlaqədar yeni sərgilərimiz, nəşrlərimiz hazırlanır. Azərbaycan musiqi mədəniyyəti çox zəngindir və bizə bu zənginliyi geniş şəkildə nümayiş etmək üçün şərait yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümüzü bildiririk”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yubiley münasibətilə muzeyin kollektivini nazir Əbülfəs Qarayevin adından təbrik etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla uzun illərdir ki, 18 sentyabr tarixi ölkəmizdə “Üzeyir musiqi günü” kimi qeyd edilir. Bu ənənə ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir: “Bu gün mədəniyyət sahəsinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət ayrılır. Heydər Əliyev Fondu və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən musiqi irsimizə göstərilən böyük diqqət və qayğının şahidiyik. Məhz bu diqqət nəticəsində muğam, aşıq, tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu bizim mədəniyyətimizin böyük qələbəsidir”.
Qeyd olundu ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyində 50 illik fəaliyyət müddətində böyük işlər görülüb. Muzey musiqişünaslar və musiqi ilə maraqlananlar üçün həmişə qapılarını açıb. Burada musiqi tarixinə aid çoxlu sənədlər və faktlar qorunur. İldən-ilə kolleksiyası daha da zənginləşən muzeyin 3 filialı var. Filiallar da işlərini uğurla davam etdirirlər: “Bir neçə il əvvəl muzeyin Muzey Mərkəzinə köçürülməsi kollektivin işinə yeni nəfəs gətirdi. Bu muzeyin özəlliyi ondadır ki, tərkibində ansambl fəaliyyət göstərir. Qədim musiqi alətləri ansamblı ölkəmizi beynəlxalq festivallarda təmsil edir, silsilə konsertlərlə musiqisevərləri sevindirir. Hazırda muzeyin daha bir filialı - Qara Qarayevin ev-muzeyinin istifadəyə verilməsi planlaşdırılır”.
Sevda Məmmədəliyeva çıxışının sonunda bir daha muzeyin kollektivini təbrik etdi, yeni uğurlar arzuladı.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Bülbülün xatirə muzeyinin direktoru Fərqanə Cabbarova, Əməkdar incəsənət xadimi, AMEA-nın həqiqi üzvü Zemfira Səfərova, Xalq rəssamı Arif Hüseynov, Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Milli Konservatoriyası “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Bakı Musiqi Akademiyasının baş müəllimi Gülnarə Əhmədzadə çıxış edərək muzeyin fəaliyyəti barədə fikirlərini bölüşdülər.
Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından şöbə müdiri Əfsanə Gülməmmədova muzeyin bir sıra əməkdaşlarına fəxri fərman və pul mükafatı təqdim etdi.
Yubiley tədbiri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Aysel Məlikova və muzeyin Qədim musiqi alətləri ansamblının solistləri - əməkdar artistlər Nuriyyə Hüseynova və Teyyub Aslanovun ifaları ilə davam etdi.
Muzeyin direktoru Alla Bayramovanın Rusiya Ədəbiyyat və İncəsənət Arxivində aşkar etdiyi Qara Qarayevin 1944-cü ildə Ömər Xəyyamın rus dilinə tərcümə olunmuş rübailərinə yazdığı 6 romansı səsləndirildi. Əsərlər Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva və opera müğənnisi, Əməkdar artist İnarə Babayevanın ifalarında təqdim edildi.
Tədbir boyunca muzeyin ünvanına gələn təbriklər videoslayd vasitəsilə nümayiş olundu. Bakı Musiqi Akademiyasının magistri Abbas Abdullazadə, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Yuliya Heydərova, gənc müğənnilər Rüfət Piriyev, Türkel Tarıqpeyman və Seyidxanım Babayevanın ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cövdət Hacıyevin, Asəf Zeynallının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olundu.
Lalə Azəri