Sentyabrın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verib. Teatrın səhnəsində M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” əsəri nümayiş olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları təbrik ediblər. Direktor diqqətə çatdırıb ki, bu mövsümdə nümayiş olunacaq hər bir tamaşa həm də tamaşaçılarımıza yubiley hədiyyəmiz olacaq. Teatrın tarixi, bu sənət ocağında çalışmış unudulmaz aktyorlar haqqında danışan M.Həmidov deyib ki, kollektiv 89-cu mövsümdə xarici ölkələrdə festivallarda uğurla çıxış edib. Bundan əlavə, ötən mövsümdə 10-dan artıq yeni tamaşa tamaşaçıların ixtiyarına verilib. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev yeni mövsümdə həm kollektivə, həm də tamaşaçılara uğurlar arzulayıblar.