Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri haqqında sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib, yeni mehmanxana və istirahət kompleksləri inşa edilib. Şəkidə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.
   Sərəncama əsasən, rayonun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədilə Kiş kəndindəki “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün Şəki Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.