İki ölkə arasında mədəniyyət və turizm sahəsində də əməkdaşlığın geniş potensialı var
Sentyabrın 27-də Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 68-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Vey Cinhua çıxış edərək Çinin inkişaf yolundan danışıb, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan səfir deyib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşlardır. Diplomat əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə və maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.
Rəsmi qəbulda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.
Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini bildirib. 2011-ci və 2012-ci illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini qeyd edən Əbülfəs Qarayev iki ölkə arasında genişmiqyaslı turizm müqaviləsinin imzalanması barədə razılığa gəlindiyini diqqətə çatdırıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini söyləyib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.