Dahi sənətkarlar yetirmiş Şuşamızın böyük elm-sənədkarı - Mir Möhsün Nəvvab
Bu Akadem-Adamı iki əsrin (XIX-XX) qovuşuğu çağlarda 100-ə yaxın şairi, 20-dən çox musiqişünası, 40-dək ünlü xanəndəsi, 60-dan artıq rəssam, memar, xəttat, astronom, riyaziyyatçı, həkim və digər sahə peşəkarları olan Şuşanın - ovaxtlar “Qafqazın təbii konservatoriyası”nın “mənəvi rektoru” da adlandırmaq mümkün...
Çoxlarının təsəvvüründə “asan” bir sənətçi, şair kimi xatırlanan bu alim... öz evində kiçik bir rəsədxana (2 teleskoplu) və kimya laboratoriyası yaradıb. Orta əsrlər kimyagərlərinin nüsxələrini incələyib göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib edib, şagirdlərilə sınaqlar keçirən bu müəllim 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal”, gənclər üçün vacib bildiyi 500-dən çox ədəb-irfan məna-mətləbli “Nəsihətnamə”, 6 muğam (“dəstgah” terminini ilk dəfə işlətməklə) və Qarabağ musiqiçilərinin ifa etdiyi 82 mahnının adlarını çəkəcəyi “Vüzuhül ərqam” kitablarına elmi-irfani məhsulat toplayıb...
Təbii...
o, Azərbaycanın ən seçkin mədəniyyət mərkəzlərindən birində - neçə-neçə ədəbi, ictimai, musiqi və digər cəmiyyətlərin, mədrəsə və müxtəlif tipli məktəblərin fəaliyyət göstərdiyi, məlum Nadir şah qəzəbnaklığından dolayı, məmləkətin müxtəlif nöqtələrindən qopub gəlmiş əyilməz, azadxah, ayıq-oyaq, istedadlı adamların düşüncə və əməllərindən məcmulanan elm, incəsənət, məxsusi mədəniyyət ənənələri olan Şuşa kimi bir şəhərdə pərvəriş tapmışdı. Lakin bu da var ki, “orta əsrlərin ensiklopedist alimləri dəstəsindən sonuncu kamili” - görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı M.M.Nəvvab həmin sənətkarların hamısından bir baş yüksəkdə durmuş, qeyri-adi fəhmi, universal istedadı, fərdi-ictimai səmimiyyəti, hətta uzun ömrü ilə adının milli mədəniyyət və elm aləmimizə qızıl hərflərlə yazılması şərəfinə yetmişdir.
Ondan bəhs edən bütün mütəxəssislər, monoqrafiyalar, oçerklər belə bir ümumortaq rəydədirlər ki, kapitalist münasibətlərinin cücərməyə, yeni təfəkkür “təsərrüfatı”nın yaranmağa başladığı XIX əsrin ortalarında M.M.Nəvvab orta əsrlərə məxsus elmi biliklər sisteminə qeyri-adi mükəmməlliklə sahib bir alim kimi boy verib.
Və bu fakt da çox maraqlı ki, bu canlı ensiklopediya bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır (deməli, tək elə “çox gəzən yox, çox oxuyub-çalışan da çox bilər”)!..
Şuşa özü bir dünya...
1833-cü ildə bu şəhərdə doğulub, ilk təhsilini ruhani məktəbində alan, ərəb, fars dillərini mükəmməl mənimsəməklə bərabər, astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına da yiyələnən Nəvvab elə gəncliyindən Şuşanın ədəbi, mədəni, ictimai həyatında fəal iştirak edib. Şeirlər yazıb, öz təşəbbüsü, səyi və maliyyəsilə açdığı mətbəədə kitablar nəşr edib, müxtəlif məktəblərdə dərs deyib, “Məclisi-fəramuşan” (ədəbi) və “Məclisi-xanəndə” (musiqi) məclisləri quraraq neçə-neçə şair və xanəndənin yetişməsinə rəvac verib. Bu qədər ictimai-milli əhəmiyyətli işlərdən vaxt tapıb yazdığı 20 kitabdan biri - “Təzkireyi-Nəvvab” toplusu üçün Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplayıb.
70 illik sovet dövrümüzdə nəşri qadağan edilmiş (ermənilərin ruslarla əlbirliyni, Tiflis, Təbriz, İrəvan, Naxçıvan, Şuşa, Gəncə və digər yerlərdə törətdikləri cinayətləri açıb göstərdiyinə, fitnəkar siyasətlərini, təxribatlarını ətraflı ifşa, azərbaycanlıların bu qəddar düşmənlərə qarşı qəhrəmanlıqlarını fəxrlə mədh etdiyinə, xalqımızı birliyə çağırdığına görə) “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsəri isə daha geniş söhbətin mövzusudur və növbəti yarımbaşlıqda onun elə həmin -
Vətənpərvərlik yaradıcılığından...
Akademik F.Qasımzadə Şuşa şairlərinin “Məclisi-fəramuşan” adlı ədəbi məclisinin yaradıcısı və rəhbəri Mir Möhsünün xidmətləri barədə yazırdı: “M.M.Nəvvab köhnə təhsil almasına baxmayaraq, daim yeniliyə meyl edir, mədəni mərkəzlərlə əlaqə saxlayır, məclis üzvlərini dünya yeniliklərilə tanış etmək üçün Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya”, “Kəşkül” qəzetlərini, Hindistandan “Həblül-mətin” məcmuəsini alırdı”.
Yaxın-uzaq ətrafında “Elmlər biləndəri” adıyla da xatırlanan bu alim 30-a yaxın qiymətli əsər (üç cilddə “Kəşfül-həqiqə”, “Bərhül-hüzən”, “Kənzül-mühən”, “Vüzuhül-ərqam”, “Təzkireyi-Nəvvab”, “Məzamir”, “Şəmsül-hidayə”, “Şərhi-üstürlab”, “500 nəsihət”, “Müseyibnamə”, “Ziyaül-ənvar”, “Nurül-ənvar”, “1905-1906-cı illərdə erməni-müsəlman davası” və s.) müəllifidir. 128 səhifədən ibarət azərbaycanca divanı 1898-ci ildə özünün Şuşadakı şəxsi daşbasma mətbəəsində çap olunub.
Bunlarla bərabər, Nəvvab poeziyasının ən diqqətəlayiq cəhəti onun əksər şeirlərinin vətənpərvərlik ruhu ilə aşılanıb. Əslində, o, Şuşada daşbasma mətbəəsi açanda da, “Məclisi-fəramuşan” ədəbi məclisini yaradıb ona başçılıq edəndə də, elmin bir sıra sahələrinə həsr edilmiş əsərlər yazanda da, ilk növbədə xalqını, millətini düşünmüşdür.
Məlum 1905-1906 hadisələri zamanı Nəvvab da qələmini (və el-oba söhbətlərini) süngü-həngiləşdirib, xalqın öz ana torpağı, milli varlığı uğrunda mübarizəsini vəsf etdi və sonda “... silahsız azərbaycanlılar rusların silahlandırdığı ermənilərə ona görə layiqli cavab verə bildilər ki, böyük təhlükə qarşısında birləşdilər!” qənaətinə gəldi.
“Birləşdilər!” (O günlərimizlə bağlı bu ifadənin “sağ əli” bu günlərimizin başına...)
İkinci dəfə baş vermiş münaqişəyə həsr etdiyi 10 bəndlik müsəddəs və 26 bəndlik “Bax” rədifli mürəbbesində ermənilərin hücumu zamanı qaçıb gizlənmiş Bağat əhlini (“qeyrətsiz yaşamaqdansa, ölmək yaxşıdır” kimi ifadələrlə) lənətləyən, məscidin yandırıldığını eşidib köməyə gələn İran azərbaycanlılarının qarşısını kəsən rusların xristian təəssübkeşliyini ifşa edən Nəvvab, özünü itirməyən Qarabağ camaatının silaha sarılıb, beş gecə-gündüzlük döyüşdə erməniləri darmadağın etdiyindən, İbrahim bəy və Xacə Mircanın qəhrəmanlıqlarından əsl Vətən aşiqi kimi bəhs edir. Xristianların “dini təəssübkeşlik” pərdəsi arxasında gizlətdikləri siyasi avantüraları yaxşı dərk edən Nəvvab mənsub olduğu xalqı da ümumqeyrət, milli birlik toparlanmasına səsləyir:
Müsləmana təəssüb vacibdi, Nəvvabi-zar,
Böylə fərman veribdir o rəsuli-tacidar,
Həmiyyəti olanı hifz eləsin Kirdgar,
Qeyrətsiz əşxasla fərz yox danışmağa...
1905-1906-cı illərdə başına gələn faciələrdən sonra da şəxsi mənafe “mübarizə”lərindən əl götürməyən “hərc-mərclik”çiləri poetik ittihamnamələrə hədəf edən şair bu xalqın dini və milli dayanıqlığını belə görürdü:
İttifaq edib eyləyin səvab,
İttifaq edin manəndi-dəvab,
Doğru yoldur ki, göstərir Nəvvab,
Ayılın, qardaş, xabi-qəflətdən
Əl çəkin bir dəm bu cəhalətdən...
Elmi-populyar mənbələrdə bu alim-şairin çox yaşamasından da danışılır. Lakin bu xoş informasiyada bir təəssüf də yaşamalı; bu qədər milli düşüncəli insan nədən məhz Azərbaycan Xalq Cümhuriyyətinin gəlişi (1918) ilə getdi?..
Tahir Abbaslı