Türkiyənin Bolu şəhərində yerli valilik və bələdiyyənin, Abant İzzet Baysal və Ege universitetlərinin birgə təşkilatçılığı ilə “Boludan türk dünyasına “Koroğlu” çalışmalarının dünəni, bu günü, sabahı” adlı beynəlxalq çalıştay (simpozium) keçirilib. UNESCO tərəfindən də dəstəklənən tədbirdə 13 ölkədən alimlər iştirak edib.
Tədbirdə Azərbaycanı AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov (Kazımoğlu), institutun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı təmsil ediblər.
Akademik M.İmanov tədbirdə “Azərbaycanda Koroğlu ilə bağlı araşdırmaların dünəni, bu günü, sabahı" adlı məruzə ilə çıxış edərək, eposun sovet dönəmində çap olunan mətnlərindəki nöqsanlardan, xalq dastanının ayrı-ayrı qollarının sovet ideologiyasına uyğunlaşmasından danışıb. Alim “Koroğlu” dastanının toplanıb nəşr olunduğu başqa ölkələrdə də mətnə bu cür müdaxilələrin edildiyini vurğulayıb və təklif edib ki, Çindən Bolqarıstana və Macarıstana qədər böyük ərazidə yayılan bu eposun XXI əsrdə xalq arasında yaşayan variantları həm lentə, həm də yazıya alınıb nəşr olunsun.
Qeyd edilib ki, bununla dünya folklorşünaslığında yeni mərhələyə başlamış olarıq. Akademikin bununla bağlı toplantının sonunda iştirakçı ölkələrin təmsilçiliyi ilə işçi qrupun yaradılması təklifi Bolu Bələdiyyəsi və Ege Universitetinin Türk Araşdırmaları İnstitutu tərəfindən dəstəklənərək tədbirin yekun qərarına salınıb.
Simpoziumda Ramazan Qafarlının “Koroğlu” eposunun Azərbaycanda yayınlanması və incələnməsi tarixinə qısa baxış” adlı məruzəsi də maraqla qarşılanıb. Alim eposun Avropada ilk nəşrlərindən başlamış Azərbaycanda son nəşrlərədək hamısının qısa təsvirini verib, mətnlərdəki nöqsanların səbəblərinə aydınlıq gətirməyə çalışıb.
S.Qaliboğlu