Azərbaycan tar ifaçılığı sənəti uzun və zəngin bir inkişaf yolu keçib. Görkəmli sənətkarların bu alətin istər konstruksiyasında, istərsə də ifasında etdiyi yeniliklər müasir tarımızın dünya şöhrəti qazanmasında mühüm rol oynayıb. Ecazkar musiqi alətinin görkəmli ifaçılarından biri də Məşədi Zeynal olub.
Məşədi Zeynal Haqverdiyev 1861-ci ildə Şuşanın Kərkicahan kəndində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə böyük maraq göstərib, məşhur tarzən Sadıqcandan sənətin sirlərini dərindən mənimsəyib. Şuşanın musiqi məclislərində dövrünün tanınmış musiqi xadimlərindən Segah İslamı, Məcid Behbudovu, Seyid Şuşinski və başqa xanəndələri müşayiət edib.
Şuşada ilk dəfə keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal da çıxış edir və böyük ifaçılıq məharəti göstərir. 1907-ci il yanvarın 20-də “Müsəlman Xeyriyyə Cəmiyyəti” onun və digər sənətkarların iştirakı ilə yoxsullara kömək məqsədilə təntənəli gecə təşkil edir. İctimai tədbirlərdə fəal iştirakı tarzəni daha da məşhurlaşdırır.
O, istedadlı tar ifaçısı kimi Üzeyir Hacıbəylinin də diqqətini çəkir. Dahi bəstəkar onu opera tamaşalarında tar çalmağa dəvət edir. 1911-ci ildə “Leyli və Məcnun“ operasının tamaşası barədə belə bir elan verilir: “4 noyabr 1911-ci ildə Nikitin qardaşlarının teatr binasında Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Orada məşhur tarzən Zeynal Haqverdiyev ifa edəcəkdir”.
1915-ci ilin martında Bakıda “Nicat” cəmiyyəti tərəfindən keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal tarda “Rahab”, neydə isə Mirzə Abdulla “Rast” muğamını ifa edir. Görkəmli səhnə ustası Hüseyn Ərəblinski “Hamlet” tamaşasından məşhur “Olum, ya ölüm” monoloqunu söyləyir.
Musiqi tariximizdə Sadıqcandan sonra solo ifaçılığında Məşədi Zeynalın sənətkarlığı yüksək qiymətləndirilib. Çünki o, çalğısında heç kimə xas olmayan yüksək texniki ustalıq nümayiş etdirib. Bununla da muğamın son dərəcə əzəmətli və nikbin səslənməsinə nail olub. “Hasar”, xüsusilə “Müxalif” şöbələrində bənzərsiz barmaqlar vuraraq öz çalğısında nəinki xanəndə guşə və xallarını, hətta çətin zəngulə elementlərini də məharətlə göstərib. Mənbələrdə bildirilir ki, o da müəllimi Sadıqcan kimi alt-üst simlərdə gəzişər, bir neçə formada cingiltili mizrablar vurarmış. Məhz buna görə də çıxışları dinləyicilər tərəfindən daima rəğbətlə qarşılanarmış.
Tanınmış sənətkarlardan Qurban Pirimov, Mirzə Mənsur, Seyid və Xan Şuşinskilər Məşədi Zeynal haqqında yüksək fikir söyləyiblər. Xan Şuşinski onun haqqında deyib: “Məşədi Zeynal olan məclisdə hər xanəndə cürət edib oxumazdı. Çünki rəhmətlik tarı elə bir ustalıqla çalırdı ki, elə bil tar xanəndə kimi dil açıb oxuyur. Biz tarın nə olduğunu və tarı necə çalmağın sirrini Məşədi Zeynalın çalğısında hiss etmişik. Onun bir layiqli insan kimi də tayı-bərabəri yox idi... Xanəndəni oxudan tarzəndir. Sazəndə dəstəsinin başçısı xanəndədirsə, dəstənin bədii rəhbəri tarzəndir. Xanəndənin istər yaxşı, istərsə də pis oxuması tarzəndən çox asılıdır. Tarzən öz rəvan, şirin çalğısı ilə xanəndəni ruhlandırdığı kimi, həm də sönük, xaric çalğısı ilə onu ruhdan sala da bilər”.
Uzun illər tarzənlə dostluq etmiş böyük xanəndə Seyid Şuşinski Məşədi Zeynalla çalıb-oxumaqdan həzz alarmış: “O, nəinki məni oxutdururdu, həm də öyrədirdi. Qafqazda tarçalanların hamısı Məşədi Zeynalın barmaqlarını vurmağa cəhd edərdilər. Mənim “Çahargah” ustası kimi püxtələşməyimdə onun əməyi çox olub. Məşədi Zeynal Azərbaycan musiqisi xadimləri içərisində istedadlı bir tarzən, qabil bir sənətkar kimi şərəfli yer tutur. O, Azərbaycan xalqı üçün əvəzsiz sənətkar olub və bunun üçün çox zəhmətlərə qatlaşıb. Bir də ki o, tək varlıların, kübar ailələrin deyil, geniş xalq kütləsinin zövqünü, mənəvi ehtiyacını ödəmək üçün tar çalıb. Ömrünün son günlərinədək sevimli tarından ayrılmayıb. Müəllimi Sadıqcanın tar məktəbini nəinki davam etdirib, həm də bu məktəbi zənginləşdirib. Onlarca istedadlı tarzən yetişdirib...”
Musiqi mədəniyyətimizdə dərin iz qoyan görkəmli tarzən 1918-ci ildə, 57 yaşında Bakıda vəfat edib.
Savalan Fərəcov