Şamaxı rayonunun Dəmirçi kəndində mədəni turizmin təşviqi ilə bağlı görülən işlər və Şamaxı Safari Parkının yaradılması buna misaldır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri zamanı bölgədə turizm sahəsində həyata keçirilən layihələrlə də tanış olub.
Son illər ölkə başçısı tərəfindən qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edilən turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Yeni hotellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda inkişafın mühüm amillərindən biri kimi çıxış edir. Şamaxı rayonunun Dəmirçi kəndində turizm infrastrukturunun yenilənməsi, tarixi abidələrin bərpası və abadlıq-quruculuq işlərinin aparılması da bu qəbildəndir.
“Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dəmirçi kəndində görülən işlərlə tanış olublar.
Məlumat verilib ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Son illər kəndin tarixi simasının bərpası və qorunması istiqamətində kompleks işlər görülüb.
Ölkəmizin ən qədim (755-ci il) dini ocaqlarından olan Dəmirçi məscidi Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Xatırladaq ki, bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı cümə məscidində (743-cü il) də bərpa və yenidənqurma işləri aparılıb. Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edilib.
Sakinlərlə görüşən Prezident İlham Əliyev Dəmirçi kəndinin turistik məkana çevrilməsi üçün əlavə tədbirlərin görüləcəyini, gələn il kəndə yeni yolun çəkiləcəyini bildirib: “Necə ki, il ərzində Lahıca minlərlə turist gəlir, buraya da gələcək. Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Dünya da biləcək ki, Azərbaycanda, Şamaxıda belə bir kənd və onun qədim məscidi var, burada gözəl insanlar yaşayırlar”.
Yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti də daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur. Kənddə turistlər üçün maraqlı əyləncə və istirahət yerləri də təşkil olunub. Bir neçə yerdə təndir qoyulub. Turistlərə bölgəyə aid olan milli yeməklər təqdim ediləcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq olublar.
Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq.
Kənddə dəmirçilik sənətinin dirçəldilməsi və bu sahəyə marağın artırılması məqsədilə dəmirçi dükanı və emalatxanası yaradılıb.
Kəndin turizm infrastrukturunda “Azərxalça” ASC də yer alıb. Burada toxunacaq xalçalar sonradan turistlərə satılacaq ki, bu layihə Azərbaycan xalçalarının şöhrətini daha da artıracaq.
Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edilib. Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq.
Yeni yaradılan Şamaxı Safari Parkı ilə tanışlıq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə də tanış olublar.
Safari müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biridir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Bu gün safari turizmi ovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Azərbaycanda da fotosafari turlarının keçirilməsi üçün imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bununla bağlı məsələlər yer alıb. Sənəddə Mədəniyyət və Turizm Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, tədbirlər planı hazırlaması barədə müddəalar var. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır.
Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. Vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb.
Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də işlər görülüb. 36 kilometr uzunluğunda yol, maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub.