Oktyabrın 3-də Mərakeşin Rabat şəhərində İSESCO İcraiyyə Şurasının 38-ci sessiyası işə başlayıb. İki gün davam edəcək tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir. Sessiyanın açılış mərasimində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının İSESCO yanında daimi nümayəndəsi Tarik Əliyev də iştirak edib.
Açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri son bir ildə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə danışıb, müsəlman ölkələri arasında əməkdaşlıq, islamofobiya və terrorizmə qarşı mübarizə fəaliyyətinin vacibliyini qeyd edib.
O, müsəlman ölkələrinə qarşı ədalətsizliyi vurğulayaraq Azərbaycan torpaqlarının işğal altında olduğunu, Dağlıq Qarabağın Ermənistan tərəfindən zəbt edildiyini, bu kimi digər münaqişələrin həll edilməsinin zəruriliyini bəyan edib.
Sessiyada İSESCO-nun 2019-2027-ci illər üçün strateji planı, 2019-2021-ci illər üçün fəaliyyət planı və təşkilatın 2016-2017-ci illər üzrə hesabatının müzakirəsi nəzərdə tutulur.