Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 28-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib.
   Qonağı salamlayan nazir Avropa İttifaqı ilə birgə mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr barədə danışıb.
   Qeyd olunub ki, 2013-2014-cü illərdə turizm sahəsində həyata keçirilən Tvinninq layihəsinin nəticəsi olaraq nazirliyin Turizm şöbəsində struktur dəyişiklikləri baş verib, eləcə də layihənin bir çox təklifləri Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsi ilə uyğunlaşdırılıb. Eyni zamanda Aİ ilə birgə 2016-cı ildən icra olunan “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi ətrafında da müzakirələr aparılıb və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparılması qeyd edilib.
   Nazir 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş “Bakı Prosesi” və bu proses çərçivəsində keçirilən Mədəniyyətlərarası Dialoq Forumu barədə də danışıb, göstərilən təşəbbüslərdə Avropa İttifaqının daha da yaxından iştirakının nəzərdən keçirilməsini təklif edib. 
   K.Yankauskas bu təklifin nəzərdən keçiriləcəyini bildirib və Avropa İttifaqında da mədəniyyətlərarası və dinlərarası dialoq mövzusunda tədbirlərin təşkil olunması, o cümlədən bu il Brüsseldə keçirilən dini liderlərin görüşü barədə məlumat verib.
   Sonda nazir K.Yankauskasa yeni vəzifəsində uğurlar arzu edib.
   * * *
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın və Tacikistanın Azərbaycana yeni təyin olunmuş səfirləri Viktor Sederkenyi və Rustam Soliyev, həmçinin İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüşüb.
   Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdə son illərdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu ilin 16-17 mart tarixində Azərbaycanda keçirilən Macarıstan mədəniyyət günləri barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub. 
   Əbülfəs Qarayev Macarıstan tərəfinin Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumlarında və nazirlik tərəfindən təşkil olunan digər beynəlxalq tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirib və 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan “Bakı Prosesi” təşəbbüsünün 10 illik yubileyinin qeyd ediləcəyini bildirib.
   İki ölkə arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən nazir bu sahədə böyük potensialın mövcud olduğunu deyib.
   Tacikistan səfiri Rustam Soliyevlə görüşdə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib. Səfir iki ölkə arasında turizm və mədəniyyət sahələrində təcrübə mübadiləsinə şərait yaradılmasını xahiş edib. Nazir bu istiqamətdə Tacikistan tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirib.
   İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüşdə də mədəniyyət və turizm sahələrində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının qurucu ölkələrindən olan İspaniya ilə gələcək əməkdaşlığın perspektivlərini qeyd edib, mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü və 2018-ci ildə həmin təşəbbüsün 10 illik yubileyinin qeyd olunacağı barədə məlumat verib.
   Nazir həmçinin bu ilin 11-16 sentyabr tarixində Çinin Çenqdu şəhərində keçirilmiş Dünya Turizm Təşkilatı Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində Azərbaycanın qurumun İcraiyyə Şurasına namizədliyinin İspaniya tərəfindən dəstəklənməsinə görə minnətdarlığını ifadə edib.