Stavropol şəhərində 8-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Tədbirdə ölkəmizdən Mədəniyyət və Turizm, İqtisadiyyat, Kənd Təsərrüfatı, Təhsil, Gənclər və İdman nazirliklərinin, digər dövlət qurumlarının, təhsil ocaqları və özəl sektorun nümayəndələri iştirak edib. Forum çərçivəsində turizm, humanitar məsələlər və digər mövzulara həsr edilmiş dəyirmi masalar təşkil edilib.
Turizm üzrə dəyirmi masanın Azərbaycan tərəfindən moderatoru Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev olub. O, çıxışında iki ölkə arasında turizm sahəsində əməkdaşlığın dinamikasını yüksək qiymətləndirərək, özəl sektorun nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Sonra ölkəmizin turizm potensialının təqdimatı keçirilib.
Dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin, habelə Rusiya Federasiyasının Dağıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikaları və digər regionların nümayəndələri təqdimatlarla çıxış ediblər. İki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivləri və mövcud olan çətinliklər barədə müzakirələr keçirilib. İştirakçılar Azərbaycan və Rusiya arasında sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsinin vacibliyini qeyd edərək turizm sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün təkliflər irəli sürüblər.
Humanitar əməkdaşlığa həsr edilmiş dəyirmi masada nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov, ölkəmizin təhsil ocaqlarının nümayəndələri iştirak edib. Tədbirdə iki ölkə arasında humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı layihə və təşəbbüs müzakirə edilib.