“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına və ölkə başçısının bu sahənin inkişaf etdirilməsi ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq teatrlarda islahatlar, sənət ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Dövlət proqramının icrası sayəsində paytaxtda və bölgələrdə teatr binaları müasir standartlara uyğun şəkildə yenidən qurulub, bir neçə teatra bina və hüquqi ünvan verilib.
Teatrların maddi-texniki bazası ilə yanaşı, yaradıcılıq sahəsinə də xüsusi diqqət ayrılır, o cümlədən teatrlarda inzibati və bədii rəhbərliyin səviyyəsini yüksəltmək üçün tədbirlər görülür.
Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə əsasən, bir neçə teatrda kadr dəyişikliyi aparılıb. Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin ediliblər.