Sentyabrın 29-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ikinci günü Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi ilə bağlı təqdimat tədbiri keçirildi. Layihə Türkiyənin “Zengin Yayınçılıq” şirkəti ilə birgə həyata keçirilir. Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev də iştirak edirdi. 
   Təxminən bir il əvvəl “Zengin Yayınçılıq” şirkətinin rəhbəri, naşir, soydaşımız Sevinc Fırat Azərbaycan ədəbiyyatını qardaş ölkədə tanıtmaq məqsədilə bizim Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib və nazirliyin dəstəyi ilə işə başlayıb. Bu əməkdaşlığın nəticələri isə artıq göz qabağındadır. Bir il ərzində əslən Azərbaycandan olan yazıçı-şair Yurtseven Şenin və başqalarının əməyi sayəsində 8 kitabı türk dilinə tərcümə edilib. 
   Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları», Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» («Ovçu Qasım» adlı ikinci kitab mətbəədədir), Yusif Vəzir Çəmənzəminlinin «Qan içində», Mir Cəlalın «Bir gəncin manifesti», İlyas Əfəndiyevin «Körpüsalanlar», Fərman Kərimzadənin «Qarlı aşırım» və Yusif Səmədoğlunun «Qətl günü» romanı çapdan çıxaraq bütün Türkiyədə yayılıb. 
   Təqdimat mərasimini açan naşir Sevinc Fırat söylədi ki, hər zaman Türkiyədə mütaliə həvəskarları ilə görüşərkən, kitab mağazalarını və kitabxanaları dolaşarkən insanların Azərbaycan ədəbiyyatı haqqında məlumatsız olması ilə qarşılaşırdım: “Bir il əvvəl Azərbaycan yazıçılarının əsərlərini türkcəyə çevirərək yaymaq niyyətinə düşdüm. Bu istəklə birbaşa Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə gəldim. Təklifimi müsbət qarşıladılar. Nazirliyin təqdim etdiyi siyahıya əsasən işə başladıq. Bu gün bir daha minnətdaram ki, Mədəniyyət və Turizm Nazirliyi bizə inandı və bizi dəstəklədi”.
   Yazıçı-tərcüməçi Yurtseven Şen bildirdi ki, Türkiyədə Azərbaycan ədəbiyyatını alman, ingilis, ya da rus ədəbiyyatı qədər tanımırlar. “Zengin Yayınçılıq” şirkəti bu boşluğu aradan qaldırmağa çalışır. Bir il ərzində Azərbaycan ədiblərinin əsərlərinin təxminən 40 min nüsxə çap edilib satılması kiçik nailiyyət deyil. 
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev dedi ki, biz Türkiyədə kitab sərgilərində olanda da qardaş ölkədə Azərbaycan dilində kitabların azlığını hiss edirdik. Odur ki, bu təklifi müsbət qarşıladıq: “Bu təklifdə bizim üçün maraqlı cəhət nə idi? Əlbəttə, biz Bakıda da türk dilində kitab nəşr edib Türkiyəyə yollaya bilərdik, lakin həmin kitabların satışı, oxucuya çatması ilə birbaşa məşğul olmaq imkanımız yoxdur. “Zengin Yayınçılıq” şirkətində həm kitabı çevirib çap edirlər, həm də Türkiyədə yayırlar. Bu işi yaxşı bacardıqları üçün yeni kitablar əvvəlki kitabların satışından əldə edilən vəsaitin hesabına nəşr olunur. Azərbaycan kitabını tanıtmaq yolunda çalışan hər kəsə daha böyük uğurlar arzu edirəm”.
   Əməkdar incəsənət xadimi, uzun illər Mədəniyyət və Turizm Nazirliyində çalışmış şair Çingiz Əlioğlu layihəni təqdirlə qarşıladığını bildirdi. Qeyd etdi ki, Azərbaycan ədəbiyyatının türk dilinə tərcüməsi və çapı barədə dəfələrlə söhbət getsə də, bu işin əməli nəticəsi indiki kimi olmayıb. 
   Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov isə bu layihəni satışdan əldə edilən vəsaitin hesabına davam etdirilməsinin vacibliyini vurğuladı. 
   Tədbirə qatılanlar “Zengin Yayınçılıq” şirkətinin nəşrləri ilə maraqlanarkən biz də belə xeyirxah işlə məşğul olan soydaşlarımızla yaxından tanış olmaq istədik.
   Sevinc Fırat: «Həqiqətən də, Türkiyədə Azərbaycan ədəbiyyatını tanıtmaq çox lazımdır. Biz istəyirik ki, hər müəllifdən heç olmasa, bir əsər çevirək ki, Azərbaycan ədəbiyyatının miqyası, sanbalı layiq olduğu kimi görünsün. Oxucular, kitab satıcıları artıq digər nəşrlərimizlə, növbədə hansı yazıçının olacağı ilə maraqlanırlar. Yurtseven bəy də həm Azərbaycan dilini, həm də türkcəni gözəl bilir. Odur ki, həvəslə və sürətlə işləyir. Mən onun tərcümələrini oxuduqca öz ədəbiyyatımızı yenidən kəşf edirəm. Belə gözəl əsərləri bütün dünyaya tanıtmaq lazımdır». 
   Yurtseven Şen: «40 min tiraj ən azı 100 min insanın həmin kitabı oxuması deməkdir. Fikrimiz var ki, biz Azərbaycan ədəbiyyatını təkcə Türkiyədə tanıtmaqla kifayətlənməyək. Bu əsərlərin Almaniyaya yayılması, həm də alman dilinə çevrilməsi üzərində düşünürük. Yəqin qarşıdakı illərdə bu istəyimizə də nail olacağıq». 
   
   Gülcahan Mirməmməd