Sentyabrın 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası işini başa vurdu.
   Bağlanış mərasimində nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov çıxış edərək sərgi-yarmarkanın işini yüksək qiymətləndirdi. Bildirdi ki, beynəlxalq kitab bayramında həm yerli, həm də xarici poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib. Sərgi-yarmarka hər dəfə yeni tərəfdaşlarla kitabsevərlərin görüşünə gəlir. Üç gün ərzində çoxsaylı tədbirlər, təqdimatlar və görüşlər keçirildi. Bu müddətdə oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq imkanı qazandılar. 
   Tədbirdə iştirak edən qurumlara minnətdarlığını bildirən Aslan Cəfərov sərginin xarici nəşriyyatlarla əlaqələrin qurulması, yerli nəşriyyatların beynəlxalq arenaya çıxışı üçün də şərait yaratdığını diqqətə çatdırdı. 
   Milli Kitabxananın direktoru Kərim Tahirov sərgi-yarmarka çərçivəsində insanların kitaba bir addım da yaxınlaşdığını, kitabsevərlərə böyük bayram sevinci yaşatdığını bildirdi: “Dünyanın müxtəlif ölkələrindən gələn nəşriyyatlar ölkəmizin kitab mədəniyyəti ilə tanış olmaq imkanı qazanırlar. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxanada elmi konfranslar, görüşlər keçirildi. Bütün bunlar kitabın tanıdılması və kitabın oxucuya daha da yaxınlaşmasına xidmət edir”.
   Çıxışlardan sonra norveçli pedaqoq, tərcüməçi Reynhild Thori və türkiyəli yazar, tərcüməçi Yurtseven Şen Azərbaycan ədəbiyyatının təbliği sahəsində xidmətlərinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olundular.
   Sərgi-yarmarkanın “Ən yaxşı nəşriyyat” mükafatına “Zengin Yayınçılıq” nəşriyyatı, “Ən yaxşı kitab” mükafatına isə Əlövsət Ağalarovun müəllifi olduğu, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlarına həsr olunan kitab (ingilis, rus, fransız, alman dillərində) layiq görüldü. “Mədəniyyət” qəzeti sərgi-yarmarkada fəal iştirakına görə diplomla təltif olundu.
   Qeyd edək ki, sentyabrın 28-dən 30-dək davam edən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına 100-dək yerli, 51 xarici olmaqla ümumilikdə 20-dən çox ölkəni təmsil edən kitabxana, çap-poliqrafiya müəssisələri qatılmışdı.
   
   Lalə Azəri