Xaricdəki Rus Teatr Xadimləri Assosiasiyasının «Baltiyski dom» layihəsi «Teatr emalatxanaları» silsiləsindən növbəti ustad dərslərini Azərbaycanda keçirib. 
   Səhnə hərəkəti üzrə dərslər sentyabrın 26-da S.Vurğun adına Dövlət Rus Dram Teatrında, sentyabrın 27-də və 28-də isə Mədəniyyət və İncəsənət Universitetində gerçəkləşib. 
   Məşğələləri Sankt-Peterburq Səhnə Sənətləri İnstitutunun Plastik tərbiyə kafedrasının dosenti İqor Kaçayev öz orijinal müəllif proqramı əsasında aparıb. Ustad dərslərində paytaxt teatrlarının aktyorları, tələbələr iştirak ediblər. 
   Məlumat üçün deyək ki, İqor Sergeyeviç Kaçayev məzunu olduğu Səhnə Sənətləri İnstitutunda 1993-cü ildən səhnə hərəkəti və qılıncoynatma müəllimi kimi fəaliyyət göstərir. Bir sıra treninq və proqramların müəllifidir. UNESCO-nun nəzdindəki Beynəlxalq Teatr İnstitutu ilə əməkdaşlıq edir, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının nəzdindəki Xaricdəki Rus Teatrına Dəstək Mərkəzinin proqramlarında iştirak edir. Rusiyada və müxtəlif ölkələrin teatrlarında əllidən çox tamaşanın plastik həllini verib. İqor Kaçayevin Bakıdakı ustad dərsləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.
   
   G.Mirməmməd