Sənədli kino olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Sənədli filmlərin yaranması bilavasitə kinematoqrafiyanın tarixi ilə bağlıdır. Çünki ilk kinosüjetlər sənədli kinokadrlardan ibarət olub. Düzdür, Lümyer qardaşlarının “Bir uşağın yemək yeməsi”, “Qatarın vağzala girişi”, “İşçilərin fabrikdən çıxışı” və s. süjetlərini tam anlamda sənədli kino olaraq qəbul etmək çətin olsa da, onlar ən azından bu janrın təməli olan sənədi formalaşdırırdı.
   
   Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret fakt və hadisələri müqayisə və təhlil etmək üçün də geniş imkanlara malikdir. İngilis sənədli kino məktəbinin banisi Con Qrirsonun sənədli filmlər haqqında dediyi “Reallığın yaradıcı şəkildə təsviri” ifadəsi əsl yerinə düşür. Bu halda sənədli kinonun açar sözləri gerçəklik və yaradıcılıqdır. Bu anlayışları tamamlayan digər iki başlıq isə etika və estetikadır. Yəni gerçəyə nə qədər yaxınlaşırsansa, o qədər də təsirli və keyfiyyətli əsər yarada bilirsən. Bu anlayışa nöqtəni qoyan fikir isə sənədli kinonun verdiyi mesajdır. Fransızların müşahidə filmləri üçün istifadə etdiyi “dokumentari” termininə ingilis Con Qrirson və başqaları müxtəlif mənalar verirdi. Qrirson 1926-cı ildə qəzetlərdən birində nəşr etdiyi tənqidi məqaləsində bu termini başqa cür izah edirdi. Flayertinin cənub dənizlərində lentə aldığı “Muanna”nı təhlil edən Qrirson sənədli film anlayışını ilk dəfə həmin məqaləsində işlədir. 1930-cu illərin əvvəllərində kino sənətində mübahisələrə yol açan bu termin hələ də tam mənasını formalaşdıra bilməyib. Kinoda sənədli janrın formalaşması da xeyli vaxt alıb. Sənədli kinonun nümunələri hələ Qrirsonun tədqiqatlarından əvvəl ortaya çıxıb. Keçmiş SSRİ-də Sergey Eyzenşteyn, Ziqa Vertov, Fransada Jan Epşteyn və başqaları Qrirsondan da əvvəl sənədli janra öz töhfələrini vermişlər.
   Sənədli film tarixinə nəzər saldıqda bir sıra ölkələrdə (o cümlədən Sovet İttifaqında, faşist Almaniyasında) belə ekran əsərlərinin daha çox ideoloji məqsədlərə xidmət etdiyini və güclü təbliğat rolunu oynadığını qeyd edə bilərik. Bu janrın xüsusilə müharibə dövründəki nümunələri sırf təbliğat xarakteri daşıyırdı. Ziqa Vertovun “kino gözdür” devizi ilə çəkdiyi filmlər geniş mənada SSRİ-də sosializm və kommunizmin təbliğatını hədəfə almışdı. II Dünya müharibəsi illərində faşist Almaniyasında Hitlerin istəyi ilə lentə alınan sənədli filmlər təbliğat üçün güclü vasitə idi. Mussolini İtaliyasında da faşizmi göylərə qaldıran bu tip sənədli filmlər çəkilirdi.
   İngiltərə sənədli filmlərinin banisi sayılan Con Qrirson ictimai rəyə təsir edilməsində, əhalinin təlim-tərbiyəsində praktiki vasitə olaraq sənədli janrdan yararlanmağı əhəmiyyətli sayırdı. Qrirson da sovet və alman rejissorları kimi bu janrı nəinki təbliğat, həm də estetik təsir vasitəsi olaraq görürdü. Lakin ingilis kino məktəbində reallıq və kütləvilik ön planda dururdu. Bu fikri müdafiə edən rejissorlardan Paulo Rota sənədli kinoda daha çox cəmiyyətə təsir edən üslubu üstün tuturdu.
   1920-ci illərdə Fransada şəhər həyatından faydalanan simfonik kinolentlər çəkildi. Bu filmlər də insan və şəhərləri əsas tutaraq cəmiyyətdəki təzadları, ziddiyyətləri önə çıxarırdı. Roberto Kovalkantinin 1926-cı ildə bir aya çəkdiyi “Yalnız vaxt” əsərində Fransada adi bir gün ekrana köçürülür. Volter Rutmen 1926-27-ci illərdə 18 aya “Berlin - bir şəhərin simfoniyası” filmini çəkdi.
   1950-ci illərdə sənədli televiziya filmləri geniş yayılmağa başladı. Bu filmlərin bir qismi II Dünya müharibəsindən bəhs edirdi. Televiziyalar maarifləndirici mövqeyini biznesə dəyişdikcə sənədli filmlər də dəyişdi. Bu hal kinoya mənfi təsir göstərdi. Maddi faktorlar gerçəyin yaradıcı amilini üstələdi. 1960-cı illərin əvvəllərində Fransa, ABŞ, İngiltərə və Kanada sənədli film istehsalçıları üç kateqoriyaya bölündü. Fransada “Sinema Verayt”, Amerika və Kanadada “səbəbsiz kino”, İngiltərədə “müstəqil kino” yarandı. Müstəqil kino sonralar Amerika kino məktəbinə də təsir etdi.
   Sənədli filmin özü də məzmun etibarı ilə bir neçə hissəyə bölünür. Bunlara xəbər xarakterli, müşahidə, ictimai əhəmiyyətli, elmi araşdırma, tarixi, təbliğat, aktual, arxeoloji, idman, portret və s. filmlər aiddir.
   Məsələn, xəbər yönlü sənədli filmlər bir hadisəni (ona hər hansı şərh vermədən) birbaşa tamaşaçıya göstərir. Belə filmlərdə nəticə çıxarmaq tamaşaçının ixtiyarına verilir. İctimai əhəmiyyətli filmlər cəmiyyətin həyat tərzi və gələcək həlli məsələlərini öz öhdəsinə götürərək onu analiz etmədən tamaşaçıya çatdıran sənədli film janrıdır. Belə sənədli filmlər ictimai davranışların və rəyin arxasındakı gerçəkləri qanun çərçivəsində araşdıraraq bu araşdırmanın nəticəsini faktlarla ortaya qoyur. Araşdırma filmləri araşdırılan mövzunu tədqiqatçının vasitəsilə tamaşaçıya təqdim edir. Bu tərz filmlərin estetik tərəfi mühüm əhəmiyyət daşımır, onların əsas xüsusiyyətləri düzgün quruluş, rəngli təsvir, sürətli və ləng kadrlardan ibarətdir.
   Elmi filmlərin əsas xüsusiyyəti elmi araşdırmalara söykənməsindədir. Tarixi sənədli filmlərin əsas məqsədi isə tarixi gerçəkləri doğru şəkildə əks etdirərək keçmişə işıq tutaraq bu gün və gələcək üçün vacib olan hadisələrə dair bir nəticə çıxarmaqdır. Təbliğat filmləri isə, qeyd etdiyimiz kimi, insanları və bütövlükdə cəmiyyəti müəyyən bir fikrə, ideyaya yönəltmək, məlumatlandırmaq, maarifləndirmək məqsədi daşıyır. Əsasən, tanıtma, məlumatlandırma, məqsədyönlü şəkildə təsiretmə xüsusiyyətlərini özündə birləşdirən bu tip filmlər keçmişdə olduğu kimi bu gün də populyardır.
   Əslində sənədli film həmişə tamaşaçı tapa bilir. Çünki əyləncə sektorunun bayağı proqramlarının yanında yaradıcı mövqedən əks olunan reallıq həmişə diqqəti cəlb edir. Kinonun bu janrı insanları düşündürür. Çünki sənədli kino elə həyatın özüdür.
   
   Hazırladı: Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar