Sentyabrın 28-də Bakı Xoreoqrafiya Akademiyası Bədii şurasının geniş iclası keçirilib. Şuranın sədri, BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev iclası açaraq akademiyanın ötən tədris ilində qazandığı uğurlardan danışıb.
Rektor qeyd edib ki, 90 illik tarixi ərzində zəngin inkişaf yolu keçən tədris ocağında son üç ildə, yəni müəssisə akademiya statusu aldıqdan sonra elm, təhsil və yaradıcılıq sahəsində nailiyyətlər daha da artıb. Bu da dövlətin BXA qarşısında qoyduğu vəzifələrin tam olaraq yerinə yetirilməsi, akademiya rəhbərliyinin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi, eləcə də yüksəkixtisaslı kadrların akademiyanın müəllim-professor heyətində təmsil olunması və şagird-tələbə kontingentinə daha istedadlı uşaq və gənclərin cəlb olunması ilə bağlıdır.
İclasda təhsil kompleksinin hər bir təhsil pilləsində 2016/2017 tədris ili üçün ixtisas fənləri üzrə imtahanların nəticələri və yaradıcılıq işləri, xoreoqrafiya sənəti üzrə tələbələrin təcrübəsi haqqında hesabatlar dinlənilib. Qeyd olunub ki, həm imtahan nəticələri, həm də yaradıcılıq işlərinin həyata keçirilməsində müsbət dinamika müşahidə olunur. Ötən tədris ilində iki dünya şöhrətli klassik əsər - P.İ.Çaykovskinin “Şelkunçik” və Q.Qarayevin “Yeddi gözəl” baletləri, eləcə də iki beynəlxalq layihə - “Azərbaycan - yurdum mənim” və “Səmayi-şəms” rəqs-tamaşaları hazırlanaraq geniş tamaşaçı auditoriyasına təqdim edilib. Bununla BXA nəinki ölkə, eləcə də beynəlxalq sənət ictimaiyyətinin diqqətini cəlb edə bilib.
Hesabatlardan sonra 2017/2018 tədris ili üzrə planlar müzakirə olunub. Qeyd edilib ki, dünyanın tanınmış müəllim-xoreoqraf və baletmeysterlərinin akademiyada, akademiyanın yüksəkixtisaslı müəllimlərinin xaricdə ustad dərslərinin keçirilməsi, müvafiq müqavilələr bağlanmış xarici ali təhsil müəssisələri ilə yaradıcılıq mübadiləsi, akademiyanın şagird və tələbələrinin iştirakı ilə yeni səhnə əsərlərinin hazırlanması, həmçinin Qəmər Almaszadə adına Klassik və milli rəqs üzrə II Beynəlxalq müsabiqənin keçirilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir.
Şura sədri vurğulayıb ki, bu müsabiqə akademiyanın ən mötəbər tədbirlərindən biridir. Bu dəfə müsabiqəyə daha ciddi hazırlaşmalıyıq, iştirakçı ölkələrin sayı daha çox, münsiflər heyətinin tərkibi dünya şöhrətli xoreoqraf və rəqs ustalarından ibarət olmalıdır.
İclasda Bədii şurada təmsil olunan tanınmış sənət adamları akademiyanın fəaliyyətinin daha səmərəli olmasını nəzərdə tutan təkliflərlə çıxış ediblər.