Əsərlərinin bədii-fəlsəfi tutumu, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə adını yaddaşlara yazdıran görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin (1914-1996) Azərbaycanın ədəbi və mədəni mühitində özünəməxsus yeri və çəkisi var. Onun qələmindən çıxan nəsr və dram əsərləri böyük oxucu sevgisi qazanmış, müəllifinə böyük şöhrət gətirmişdir. Oxucunu düşündürmək, onun hislərinə hakim kəsilmək, gözəlliklər aləminə dəvət etmək, həqiqət və ədalət üçün savaşa ruhlandırmaq kimi yüksək keyfiyyətlərə malik olan İlyas Əfəndiyev yaradıcılığı XX əsr Azərbaycanını əks etdirən çox qiymətli xəzinədir.
Ədəbiyyatımıza lirik-psixoloji üslubu gətirən, ilk hekayələrindən başlayaraq mənəvi axtarış soraqlı böyük ədibin qəhrəmanları öz səmimiliyi ilə seçilir. “Necə varsa, elə də görünən”, özünün yaradıcılıq manerası ilə ədəbiyyatımızın unudulmazlarından birinə çevrilən müəllifin zəngin nəsri “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Üçatılan”, “Geriyə baxma, qoca” romanlarını, “Kənddən məktublar”, “Aydınlıq gecələr”, “Torpağın sahibi”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestləri və bir-birindən maraqlı, ibrət dolu hekayələri əhatə edir.
Xalq yazıçısının gəncliyimizdə əlimizdən qoymadığımız “Körpüsalanlar”, “Söyüdlü arx” və başqa əsərlərini oxuyanda aldığımız mənəvi güclə tez böyümək, həkim, müəllim, mühəndis olmaq, arzularımızın ardınca Azərbaycanın ucqar kəndlərində çalışmaq istəyi ilə tutuşub yanırdıq. Çünki onun qələmə aldıqları o qədər təbii, o qədər inandırıcı və o qədər səmimi, real və real olduğu qədər də romantik idi ki...
Onun oxucunu məftun edən “Söyüdlü arx”ından “XX əsr Azərbaycan lirik nəsri su içdi”, qəlblərə sevgi, məhəbbət, səmimilik körpüsü saldı. Masa arxasında üç dostun - qələm, kağız, bir də sənətkarın düşüncəsindən yaranan “Dağlar arxasında üç dost”u isə dağlar qədər ucalaraq mənsub olduğu xalqın kökü əsrlərin dərinliklərindən gələn ədəbiyyatının zirvəsinə qalxdı.
İlyas Əfəndiyevin kiçik hekayələrindən tarixi dramlarına qədər bütün yaradıcılıq örnəkləri insanı düşünməyə, həyatdakı gözəllikləri görməyə, onlardan zövq almağa sövq etdiyi kimi, gənclərə də uğurlu gələcək naminə düzgün yol göstərir. Böyük yazıçının dramaturgiyaya gedən yolu da kiçik hekayələrdən başlayıb. Əsasən 1940-cı illərdə yazılan bu hekayələri gənc yazıçının qəlbinin ilk duyğu və düşüncələri adlandırmaq olar. Hekayələrin yazılmasından yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu gün də sevilə-sevilə oxunur, insanları hisləri ilə baş-başa qoyur.
İlyas Əfəndiyev yaradıcılığında zəngin şifahi xalq ədəbiyyatımızdan da geniş şəkildə bəhrələnib. Yazıçının “qəm notları üstündə köklənən” “Apardı sellər Saranı” hekayəsinin mövzusu maraqlı bir əfsanədən götürülüb. Əsərdə müəllifin aşıladığı qənaət bundan ibarətdir: “Namussuz yaşamaqdansa, ölmək gözəldir”. Çünki namussuz yaşamaqdansa, ölümü ilə yüksələnlər əbədiyaşarlıq qazanırlar (dahi Hüseyn Cavidin “Ölmək, yaşamaqdır! Sərsəm yaşamaq ömrə yamaqdır” düşüncəsi kimi).
“Aydınlıq gecələr” hekayəsində yazıçının kiçik süjet xəttinə malik hadisələri alman mütəfəkkir dramaturqu İ.V.Hötenin “bir az daha işiq” fəlsəfəsi ilə izah etməsi onun hələ gənclik illərindən bədii əsərlərində dərin fəlsəfi düşüncələrə geniş yer verdiyini göstərir. Bu hekayələrdə real hadisə və düşüncələr yazıçının romantik baxış və duyğularının süzgəcindən keçirilərək təqdim olunur. Onun lirik-romantik süjet xəttinə malik olan “Qəhrəman ilə bülbülün nağılı” hekayəsi kimi. Yazıçı şifahi xalq ədəbiyyatının gözəl nümunələrindən olan “Bülbül və qızılquşun nağılı” əfsanəsinə yeni bir ahəng gətirib, maraqlı bədii don biçib. Əsər oxucuya öz yurdu üçün qanını və canını əsirgəməyən vətən övladlarının bu ali missiyalarından örnək almağı təlqin edir.
İlyas Əfəndiyevin lirik, ürəyəyatan üslubunu, psixoloji incəliklərə dərindən nüfuz etmək qabiliyyətini onun dram əsərlərində də müşahidə edirik. 1948-ci ildə yazdığı “Bahar suları” pyesi ilə İlyas Əfəndiyev Hüseyn Cavidsiz, Cəfər Cabbarlısız “yetim qalmış” dramaturgiyamıza yeni nəfəs, yeni ab-hava gətirir.
Sözügedən dövrdə repressiyalar bir qədər səngisə də, tam bitməmişdi. Hələ Stalin yaşayırdı, ədəbiyyatımızda “ehtiyat igidin yaraşığıdır” - fəlsəfəsi ilə hərəkət edənlər, onu (Stalini) öyənlərin, mədh edənlərin işğalı isə davam edirdi. Hələ də xalq qorxu və səksəkə içində yaşayır, pıçıltı ilə danışırdı. Belə bir qorxunc zamanda qələmdaşlarından fərqli olaraq İlyas Əfəndiyevin “Bahar suları” pyesini qələmə alması böyük cəsarət idi. Eyni zamanda repressiyanın davam etdiyi bir dövrdə “Erkək Tükəzbanlar”ın əksinə olaraq yaratdığı müsbət qadın obrazları Sədəf və Turacın lirik-psixoloji duyğularının təsviri də ədəbiyyatda yenilik idi. O, sovet ideologiyasının hökmran olduğu “qadağalar dövrü”ndə belə böyük cəsarətlə bir çox mövzuları “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsində, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestində, “Dəlilər və ağıllılar”, “Tənha iydə ağacı” pyeslərində ədəbi gündəmə gətirmişdi.
Müəllif 1954-cü ildə yazdığı “Atayevlər ailəsi” pyesində adlı-sanlı, cəmiyyətdə nüfuzu ilə tanınan bir sovet ailəsinin iç üzünü açıb göstərmişdi. Atayevlər ailəsində yaşananlar ailə sütununu laxladır, sonda bir-birinə qarşı hörmət və məhəbbət, etibar hissinin itdiyi bu ailə dağılır. Ədibin pyesdə demək istədiyi əsas qayə “kiçik dövlət” hesab edilən ailənin müqəddəs bir ittifaq olduğu üçün bu ali dəyərlərin ciddi şəkildə qorunub saxlanılmasıdır.
Görkəmli ədibin “Sən həmişə mənimləsən” (1964) pyesi dramaturgiyamızda və ümumən ədəbiyyatımızda böyük hadisəyə çevrildi. Öz fikir və düşüncəsi ilə tənhalığa çəkilən, həyatdan küskün 17-18 yaşlı Nargilə qarşısına çıxan atası yaşında Həsənzadəyə ürəkdən bağlanır. Gənc, kövrək qəlbli Nargiləyə elə gəlir ki, o, Həsənzadəni sevir. Namuslu bir azərbaycanlı kişisinin simvolu olan Həsənzadə Nargilənin həssas duyğularından faydalanmayıb, ona son dərəcə ehtiyatla yanaşır, gənc qızın anasına qarşı yaranmış yanlış düşüncəsini alt-üst edir. Onu inandırır ki, anası onu çox sevir. İlyas Əfəndiyevin dramaturgiyaya qayıdışı kimi dəyərləndirilən “Sən həmişə mənimləsən” pyesi oxucularda, tamaşaçılarda xoş duyğular oyadır. Həssas qəlblərə çox güclü təsir etmək imkanına malik olan əsər buna görə hər zaman təzədir, təravətlidir.
Dramaturgiyada bir-birinin ardınca uğurlara imza atan, insan psixologiyasına yaxından bələd olan ədibin “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” kimi lirik-psixoloji məzmunlu pyesləri də XX əsr ədəbiyyatımızın qiymətli nümunələrindəndir. “Unuda bilmirəm”də Nərminin söylədiyi mahnı uzun illər dilimizin əzbərinə çevrildi, yaddaşımıza yazıldı.
İlyas Əfəndiyev “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani” kimi tarixi məzmunlu dram əsərlərində gənc nəslə öz soykökünə, mədəniyyətinə sevgi hissi aşılayır. “Şeyx Xiyabani”də müəllif bütöv Azərbaycan dərdini diqqət mərkəzinə çəkir. Ədib bir əsərində həllini qoyduğu problemi digər dram əsərində məharətlə şərh edirdi ki, əslində Şeyx Məhəmməd Xiyabani mübarizliyi və vətənpərvərliyi ilə dramaturqun özü idi.
Yazıldığı gündən ədəbi hadisəyə çevrilən “Xurşidbanu Natəvan” dramının qəhrəmanı sələflərinə əqidə və mübarizliyi ilə sadiq qaldığını, Azərbaycan qadınının xalqının taleyi və birliyi üçün hər cür fədakarlığa qabil olduğunu sübut edir. Ədib Xan qızı Natəvanı nə qədər sevgi ilə yaradırsa, mənfur ermənini (Ter-Vahan) bir o qədər nifrətlə təsvir edir, hər bir türkün daim ayıq-sayıq olmasını, vətənin hər qarış torpağının qədrini bilib qorumaq, gələcək nəsillərə şəriksiz verməyi tapşırır. Bu tapşırıq isə müəllifin Vətən və millət qarşısında daşıdığı məsuliyyət hissindən doğurdu. İlyas Əfəndiyevin Vətəninə, onun hər bir övladına sevgisi əsl vətəndaş örnəyidir.
Yazıçı-dramaturq ideya-sənətkarlıq baxımından bir-birindən qiymətli əsərləri ilə Azərbaycan teatrında da yeni mərhələ açmış, sənət salnaməmizə ayrıca olaraq “İlyas Əfəndiyev teatrı” anlayışı daxil olmuşdur. Teatrla uzunmüddətli yaradıcılıq əlaqəsi olmuş sənətkarın, demək olar ki, bütün pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Geniş mənada XX əsrin ikinci yarısından etibarən Azərbaycan teatr poetikası bədii-estetik dəyərini “İlyas Əfəndiyev teatrı”nda tapmışdır.
Böyük sənətkar XX əsr ədəbiyyatımızın klassiki, milli nəsr və dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi, ictimai fikrimizin inkişafında mühüm xidmətlər göstərmişdir. O, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin bədii tərənnümçüsünə çevrilmişdir. Haqlı olaraq İlyas Əfəndiyevin yaradıcılığını “yeni dövr Azərbaycan tarixinin bədii salnaməsi” də hesab edirlər. Fikrimizcə, bu salnamə bütün zamanlar üçün aktualdır və gələcək nəsillər də bu zəngin qaynaqdan bəhrələnməlidir.
Sənətin, müdrikliyin zirvəsinə yüksəlmiş görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev 1996-cı ilin 3 oktyabr tarixindən, yəni 21 ildir bir daha “geriyə baxmasa” da, qiymətli əsərlərinin “diktəsi” ilə oxucuları və tamaşaçıları daim ötənlərə nəzər yetirəcək, sevimli müəlliflərini hörmətlə anacaqlar.
Lütviyyə Əsgərzadə
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent