Kitab sərgiləri həm də imza günləri ilə maraqlıdır. Əgər naşirlər, kitab satıcıları, hətta müəlliflər belə sərgilərdə işgüzar münasibətlər qurmaq üçün iştirak edirlərsə, mütaliəni sevən sadə insanlar belə tədbirlərə ailə kitabxanasını zənginləşdirmək, sevdiyi müəlliflərlə şəxsən görüşmək, onların kitablarını avtoqrafları ilə əldə etmək niyyəti ilə gəlirlər. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında belə bir niyyəti reallaşdıranlardan biri də «Teas Press» nəşriyyat evi oldu.
Stendin qarşısında qələbəliyi görüb yaxınlaşdıqda məlum oldu ki, burada Xalq yazıçısı Çingiz Abdullayevin imza günü keçirilir. Nəşriyyatın sərgilədiyi məhsulların arasında «Məhv olmuş həyat» trilogiyasından «Qurbanlıq sindromu» «Maskanın hakimiyyəti», «Bumeranq zərbəsi», eləcə də «Folun bir addımlığında», «Ailə sirləri», «Vyana gecəsinin sirri», «Vicdanın adaptasiyası», «Alqış sədaları altında ölüm» detektivlərinin satışı və imza mərasimi çox gur keçirdi. Gənclər, xüsusilə də tələbə qızlar həvəslə kitabları alır, müəlliflə xatirə şəkli çəkdirir, aldıqları kitabları ona imzalatdırırdılar. Hiss olunurdu ki, əsərləri milyonlarla tirajla çap olunan yazıçı həm kitab sərgisindəki ümumi qələbəlikdən, həm də əsərlərini çap edən nəşriyyatın qarşısındakı izdihamdan məmnundur. Onu bu münasibətlə təbrik edib sərgidəki ovqat barədə fikrini soruşduq.
- Belə tədbirlər, sərgilər nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Gənclər bura gəlirlərsə, sərgiyə maraq göstərirlərsə, deməli, onlar kitabın əhəmiyyətini anlayırlar. Əgər sərgiyə gələn hər məktəbli, tələbə bir kitab alarsa və onu da oxuyarsa, bu, artıq böyük göstəricidir. Mən həmişə deyirəm ki, kitab oxuyun. Heç mənim əsərlərimi oxumasanız da olar, təki klassiklərin kitablarını oxuyun.
Gülcahan