Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət göstərən mədəniyyət və turizm təhsili müəssisələrinin pedaqoji heyətini 5 oktyabr - Beynəlxalq müəllimlər günü münasibətilə təbrik edib.
Təbrikdə qeyd olunur ki, bu gün Mədəniyyət və Turizm Nazirliyi sistemində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi, o cümlədən 212 uşaq musiqi, incəsənət, rəssamlıq, muğam məktəb və mərkəzləri fəaliyyət göstərir. Mədəniyyət və turizm sahələrinin gələcək inkişafı müvafiq təhsil müəssisələrində kadr hazırlığının keyfiyyətindən çox asılıdır: “Fərəhli haldır ki, şagird və tələbələrimiz təhsildə böyük uğurlar əldə edir, müsabiqə və festivallarda yüksək nəticələr göstərir, eyni zamanda xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Bütün bu nailiyyətlər hörmətli müəllimlərimizin fədakar əməyinin nəticəsidir”.
Vurğulanır ki, mədəniyyət sahəsində təhsil olduqca böyük əhəmiyyətə malikdir və peşə vərdişləri verməklə yanaşı, insanın mənəvi keyfiyyətlərinin formalaşmasına, onun hərtərəfli inkişafına xidmət edir: “Bu bayram günündə gələcəkdə mədəniyyət və turizm sahəsinə xidmət edəcək mütəxəssisləri - musiqiçiləri, rəqqasları, rəssamları, balet artistlərini, vokalçıları, xanəndələri, turizm işçilərini hazırlayan müəllimlərə dərin minnətdarlığımı bildirirəm”.
Əbülfəs Qarayev mədəniyyət və turizm təhsili müəssisələrinin müəllimlərinə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.