Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Uşaq Teatrı maraqlı bir təşəbbüslə çıxış edib. Kollektiv cəzaçəkmə müəssisələrində «Qeyri-adi məhkəmə» tamaşasını göstərəcək. «Qeyri-adi məhkəmə»nin Ədliyyə Nazirliyinin 15 cəzaçəkmə müəssisəsində 18 dəfə «qurulacağı» barədə razılıq əldə edilib. İnteraktiv üslubda - seminar-tamaşa janrında hazırlanmış səhnə əsərinin ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru isə teatrın bədii rəhbəri və direktoru İntiqam Soltandır. 
   Tamaşa təsadüfən, iynədən istifadə nəticəsində QİÇS-ə yoluxan bir kişinin başına gələn əhvalat barədədir. O, təkcə özünü deyil, onun kimi həyatı məhv olan, doğmalarını itirən insanları da düşünərək, narkomaniyanı, alkoqolu və QİÇS-i məhkəməyə verir. Cəmiyyətin bu xəstəlikdən əziyyət çəkən, müxtəlif təbəqələri təmsil edən nümayəndələri isə məhkəmədə zərərçəkmiş və şahid qismində dindirilirlər. Onların etirafları insanların bu bəlalara qarşı fəryadıdır. Maarifləndirici xarakterli tamaşada İntiqam Soltan, İlhamə Əhmədova, Əliqulu Səmədov, Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Türkan Şahmarlı, Rəfael Muradxanlı və başqaları iştirak edirlər. 
   
   G.Mirməmməd