Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən mütəmadi olaraq bölgələrdəki muzeylərin əməkdaşları üçün sərgi-seminarlar, treninqlər, təkmilləşdirmə kursları təşkil edilir. Kursların məqsədi bu sahədə müasir təcrübənin tətbiq olunmasıdır.
   Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin 18 sentyabr - 7 oktyabr tarixlərini əhatə edən növbəti kursuna Astara, Lerik, Ağdam, Bərdə, Beyləqan və Sumqayıt tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları cəlb olunublar.
   Nəzəriyyə və təcrübəni əhatə edən dərslər mərkəzin elmi işlər üzrə direktor müavini Nairə Sadıxova, əməkdaşlardan baş mühafiz İranə İbrahimova, Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva, kimyaçı-mühəndis Pərvin Sadıqova, bərpaçı rəssamlar Sultan Sultanov, Gündüz Məmmədov və Natiq Baxışov tərəfindən aparılıb.
   Dərslərdə dinləyicilərə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metallar və ağac, keramika məhsullarının, qrafika əsərlərinin və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, qrafik və keramika əsərlərinin, şirli və şirsiz qabların, şüşə, sümük, ağac, dəri məmulatları, musiqi alətləri, silah nümunələri, eləcə də saatların bərpa və konservasiyası mövzularında ətraflı məlumat verilib.
   
   Lalə