Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə yubiley mərasimi keçirilib
   
   Oktyabrın 3-də Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə dost və qardaş ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunub. 
   Tədbirdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov, SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə etmiş və 1992-ci ildə Türkiyə ilə diplomatik münasibətlər qurmuş 10 ölkənin diplomatları iştirak ediblər. 
   Nazir Mövlud Çavuşoğlu çıxışında müstəqilliyini elan etmiş bu dövlətləri tanıyan ilk ölkələrdən birinin Türkiyə olduğunu bildirib: “Bu il qardaş ölkələrlə əlaqələrin təsis olunmasının 25-ci il dönümünü müxtəlif tədbirlərlə qeyd etdik. Bu proqramla da tədbirləri taclandırdıq”. 
   M.Çavuşoğlu bu mərasimlə həm də Türk Keneşinin (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) əsasını qoyan Naxçıvan anlaşmasının (3 oktyabr 2009) imzalanmasının ildönümünü də qeyd etdiklərini bildirib.
   Mərasimdə TÜRKSOY-un baş katibi, pofessor Düsen Kaseinov Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən ali xidmət mükafatı ilə təltif edilib. Mükafat D.Kaseinova xarici işlər naziri M.Çavuşoğlu tərəfindən təqdim olunub. 
   M.Çavuşoğlu TÜRKSOY-un baş katibinin türk dünyası qarşısında xidmətlərini yüksək qiymətləndirildiyini deyərək D.Kaseinovun gələcək fəaliyyətində daha böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib. 
   Mükafatı böyük sevgi ilə qəbul etdiyini vurğulayan D.Kaseinov bildirib ki, bu, türk dünyasının mədəniyyətinin inkişafında xidmətləri olan bütün yaradıcı insanların əməyinə verilən qiymətin nümunəsidir.
   
   Mehparə Sultanova
   Ankara