Milli Azərbaycan Tarixi Muzeyi fondlarını zənginləşdirmək məqsədilə maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirir. Son zamanlar qəbul edilmiş maddi mədəniyyət nümunələri arasında 104 ədəd arxeoloji tapıntı da var. Bunlar 2017-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ilk orta əsrlər arxeologiyası şöbəsinin əməkdaşları, tarix üzrə elmlər doktoru Qafar Cəbiyevin rəhbərliyi altında və tarix üzrə fəlsəfə doktoru Elmira Abbasovanın iştirakı ilə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığındakı nekropolda aparılmış arxeoloji qazıntı zamanı üzə çıxıb.
   Tapıntılar məişət avadanlığından - mətbəx və süfrə qablarından, metal bəzək nümunələrindən, müxtəlif tərkibli muncuq düzümlərindən, eləcə də hərb işində istifadə olunmuş dəmir qılınc və xəncər tiyələrindən ibarətdir. Saxlanma vəziyyətlərinə görə bir qismi bütöv və əla, digər qismi isə sınıq, natamam və kafi vəziyyətdədir. 
   Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin sözlərinə görə, bu tapıntıların bəzi oxşar nümunələri fondda qorunur. Antik dövrə aid olması ehtimal edilən nümunələr Şirvan bölgəsinin maddi mədəniyyəti, dulusçuluq, bədii metalişləmə sənətinin inkişaf səviyyəsi, eləcə də hərb sənəti haqqında dolğun təsəvvür yaradır. Bununla belə bu tapıntılar Qafqaz Albaniyası əhalisinin dəfn adətlərini, məişətini, əlaqələrini və bədii zövqünü özündə əks etdirən məxəz kimi də çox dəyərlidir.
   
   S.Qaliboğlu