Azərbaycan
   
   7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. 
   7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. Filmləri: “Bəxt üzüyü”, “Cin mikrorayonda”, “Yalan” və s. 
   
   8 oktyabr 2009 - Yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935 - 2009) vəfat edib. Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest, hekayələri müəllifə geniş oxucu rəğbəti qazandırıb.
   
   9 oktyabr 1946 - Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub. Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Təhminə”, “Otel otağı”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Sübhün səfiri” və s. 
   9 oktyabr 1971 - Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor evi açılıb.
   
   10 oktyabr 1907 - Şair, ədəbiyyatşünas Hümmət Əli oğlu Əlizadə (1907-1941) anadan olub.
   10 oktyabr 1911 - Ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.
   10 oktyabr 1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 - 19.11.1999) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.
   10 oktyabr 1935 - Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 - 13.7.1995) Lənkəran rayonunda anadan olub. 
   10 oktyabr 1939 - Şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyeva (1939 - 19.9.1992) Bakıda doğulub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktoru olub. "Qələmlər birliyi", "Yeni ərəb ədəbiyyatının korifeyləri" və s. monoqrafiyaların müəllifidir. 
   
   Dünya
   
   7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.
   7 oktyabr 1915 - Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s. 
   
   8 oktyabr 1848 - Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter; 1848-1932) anadan olub.
   8 oktyabr 1892 - Rus şairi, yazıçı Marina Svetayeva (1892 - 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.
   8 oktyabr 1931 - Rus yazıçısı, siyasi detektivlər müəllifi Yulian Semyonov (1931-1993) anadan olub. Əsərləri: «Baharın on yeddi anı», “SİTA bəyan edir...”, “Ekspansiya”.
   8 oktyabr 1948 - Fransız aktrisası Klod Jad (Claude Jade, 1948-2006) anadan olub. Filmləri: “Tehran-43”, “Oğurlanmış öpüşlər”, “Ailə ocağı”.
   
   9 oktyabr Dünya poçt günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.
   9 oktyabr 1835 - Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.
   9 oktyabr 1862 - Türkiyə yazıçısı Fatma Aliyə Topuz (1862-1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb. Əsərləri: “Refet”, “Cövdət paşa və zamanı” və s.
   9 oktyabr 1926 - Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”. 
   9 oktyabr 1940 - İngilis musiqiçisi, «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.
   
   10 oktyabr 1813 - İtaliyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi; 1813 - 27.01.1901) anadan olub. “Riqoletto”, «Traviata», «Aida» operaları dünya musiqi xəzinəsinə daxildir.
   10 oktyabr 1892 - Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.
   10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon, 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.
   10 oktyabr 1930 - İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.
   
   Hazırladı: Vüqar Orxan