Azərbaycanda da çoxsaylı tamaşaçı auditoriyası olan türk serialının bir bölümü Bakıda lentə alınır
   
   Türkiyədə və Azərbaycanda geniş tamaşaçı auditoriyası toplayan “Yaxşi Cazibə” teleserialının yaradıcı heyəti Bakıya gəlib. Səfərdə məqsəd teleserialın bir bölümünü burada lentə almaqdır.
   
   Bakıya gələn heyətdə serialın ssenari müəllifi Gari Müjde, rejissoru Bora Onur, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslihan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Hande Katiboğlu (Simge) da var. Serialın Bakıda çəkilən bölümündə baş qəhrəman - azərbaycanlı qız Cazibənin vətənə qonaq gəlməsindən bəhs olunur.
   APA-nın məlumatına görə, sentyabrın 1-də çəkilişlərin bir hissəsi Bakının Fəvvarələr meydanında, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında aparılıb. “Yaxşi Cazibə”nin yaradıcı heyətinin Bakıya gəlişi paytaxt əhalisi tərəfindən də maraqla qarşılanıb. Çəkilişdə azərbaycanlı aktrisa, serialın baş məsləhətçisi Məlahət Abbasova da iştirak edir. Aktrisa bildirib ki, Bakıda çəkilişlərinin aparılması təşəbbüsü ona məxsusdur: “Elə bu serial çəkilməyə başlayanda çəkilişlərin bir qisminin Azərbaycanda aparılması ideyasını irəli sürmüşdüm. Artıq Bakıdayıq və möhtəşəm bir seriya çəkilir. Serialın tamaşaçıları Bakını çox sevəcəklər”.
   Serialın rejissoru Bora Onur Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu deyib: “Bakının gözəl olması bizləri çox sevindirir. Sözün düzü, mən bu qədər modern, bu qədər təmiz yer gözləmirdim. Bakı dünyanın çox şəhərlərindən daha təmizdir”.
   Rejissor qeyd edib ki, “Yaxşı Cazibə”nin 54-cü bölümü Bakıda çəkilir və bu bölüm sentyabrın 10-da Türkiyənin ATV kanalında nümayiş olunacaq.
   
   “Cazibənin arxasınca Azərbaycana gəldim...”
   
   “Bakıda olmaq çox gözəl bir duyğudur. Gördüyümüz işin içərisində Azərbaycanın da adının olması, çəkiliş üçün qardaş ölkəyə gəlmək inanılmaz xoş bir duyğudur”. Bu sözləri serialda Kamal obrazını yaradan Hakan Yılmaz deyib.
   Aktyor Bakıda Dənizkənarı Milli Parkı, binaları, tarixi abidələri çox bəyəndiyini vurğulayıb: “Bu şəhərdə tarixi əsərləri çox gözəl qoruyublar. Sanki bu binalar dünən inşa edilib. Çox gözəl və xoş təəssüratlar yaşayırıq. İnsanların marağı, bizimlə sürəkli xatirə şəkli çəkdirmək istəyi möhtəşəm bir şeydir”.
   Bakıda çəkiləcək seriya barədə məlumat verən Hakan Yılmaz 52-ci seriyanın sonunda Cazibənin Bakıya qaçdığını və Kamalın nişanlısının arxasınca Azərbaycana gəldiyini deyib: “Çox sevinirik ki, Azərbaycanda da bu serial Türkiyədəki qədər izlənilir. Bu bizə daha bir qürur hissi yaşadır”.
   
   “Azərbaycanlı qızın obrazını oynamaqdan qürur duyuram”
   
   “Yaxşı Cazibə”də baş rolu ifa edən Aslihan Gürbüz də Bakını çox sevdiyini bildirib: “Bakı çox gözəldir və mənim yaşadığım yerə heç bənzəmir. Ən gözəli odur ki, burada Azərbaycan dilini anlamaqda heç çətinlik çəkmirəm. Sizin qədər yaxşı danışa bilməsəm də, buna çalışıram. Bir az mənə çətindir, bacardığım qədər öz üzərimdə işləyirəm”.
   Cazibə rolunu canlandırmaqdan bir az həyəcan keçirdiyini etiraf edən aktrisa “Azərbaycanlı qızın obrazını oynamaqdan qürur duyuram” deyə bildirib.
   Qeyd edək ki, “Yaxşi Cazibə” serialının Bakıda çəkilişləri bu gün başa çatacaq. Azərbaycanın “Eurovision” qalibi Nigar Camal da serialın bu bölümündə rol alacaq. O, Cazibənin Bakıdakı rəfiqəsi rolunu canlandıracaq. Yaradıcı qrup çəkilişlərdən dərhal sonra Türkiyəyə qayıdacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar